Azərbaycan hökuməti Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu
sessiyasının (COP29) maliyyə öhdəlikləri ilə yanaşı, birbaşa və ya dolayısı ilə
tədbirlə əlaqədar olan faktiki əlavə xərcləri də öz üzərinə götürür.
“Report”un əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də
keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası
Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəfləri Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər
Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəfləri Görüşünün altıncı
sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi
barədə qanun layihəsində əksini tapıb.
Qeyd olunub ki, müvəqqəti olaraq müəyyən edilən 5 milyon 811 min 800 ABŞ
dolları miqdarında belə xərclərə katibliyin və Konfransı planlaşdırmaq, xidmət
göstərmək və ya iştirak etmək üçün təyin edilmiş Birləşmiş Millətlər
Təşkilatının digər rəsmi şəxslərinin səyahət və işçi hüquqları ilə bağlı
faktiki əlavə xərclər, o cümlədən bu Sazişin bağlanmasından əvvəl həyata
keçirilənlər də daxil olmaqla, Konfransı planlaşdırmaq üçün tələb olunan
hazırlıq, texniki missiyalar üzrə xərclər, eləcə də informasiya və
kibertəhlükəsizlik və veb-yayımı xidmətlərinin xərcləri aiddir, lakin bunlarla
məhdudlaşmır.
Hökumət bu təxmin edilən məbləği vəsaitlərin köçürülməsi üçün Tərəflər
arasında məktub mübadiləsi yolu ilə bağlanacaq ayrıca sazişə uyğun olaraq
katibliyə köçürəcək.