Azərbaycan diasporunun təmsilçisi Almaniya XİN başçısını dürüst danışmağa
çağırıb
Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgər beynəlxalq platformalarda ölkəmizə
qarşı ədalətsiz mövqe sərgiləyən və həqiqətdən kənar iddialar səsləndirən
Almaniyanın xarici işlər naziri Annalena Berboka müraciət edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Müraciətdə qeyd olunub ki, beynəlxalq hüquq normalarına və demokratik
dəyərlərə əməl etmək öhdəliyi daşıyan Almaniya kimi bir ölkənin xarici
siyasətinə rəhbərlik edən nazirin BMT Təhlükəsizlik Şurasının iclasında
Azərbaycanın ünvanına saxta ittihamlar və yalanlar səsləndirməsi
qəbuledilməzdir.
Diaspor fəalı almaniyalı naziri Azərbaycanın inzibati bölgəsi olan Qarabağın
adını düzgün ifadə etməyə və Qarabağ həqiqətlərini BMT kimi mötəbər tribunadan
dünya ictimaiyyətinə dürüst şəkildə çatdırmağa çağırıb:
“Siz BMT-nin tribunasından çoxsaylı insanın qətlə yetirildiyini qeyd etdiniz.
Ermənistanın baş naziri isə vəziyyətin ümumilikdə sabit olduğunu, dinc əhali
arasında kütləvi qurbanlar olmasına dair xəbərlərin həqiqəti əks etdirmədiyini
bildirdi. İndi biz sizə inanaq, yoxsa Ermənistanın baş nazirinə?”
Müraciətdə Avropanın və Almaniyanın 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən
Azərbaycan torpaqlarında törətdiyi qəsbkar siyasətə və bəşəri cinayətə səssiz
qaldığı bir daha vurğulanıb:
“Nədənsə Avropa və Almaniya heç bir milyona yaxın Azərbaycan qaçqını və öz
vətənində məcburi köçkünə çevrilmiş azərbaycanlılarla maraqlanmırdı. Sizcə,
həmin azərbaycanlılar arasında hamilə qadın, körpə uşaq, yaşlı insan yox idi?
Siz axı Almaniyanın xarici işlər nazirisiniz və beynəlxalq hüququ yaxşı
bilməlisiniz. Sizin birtərəfli, ermənipərəst çıxışınız Azərbaycan xalqı və
Almaniyada yaşayan Azərbaycan icması tərəfindən haqlı olaraq narazılıqla
qarşılanıb”.
O bildirib ki, erməni separatçılarının 2023-cü il 19 sentyabr tarixli mina
terrorunun azərbaycanlı qurbanlarının fotolarını nazirə göndərəcək:
“Açıb baxın və Azərbaycan xalqından üzr istəyin!”
Nazirin yadına salınıb ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi
“dövlətin içində ayrı dövlət qurmaq” anlamı daşımır:
“Əgər elədirsə, gərək rəsmi Berlin çoxdan türk millətinə Almaniyada dövlət
quraydı. Çünki Almaniyada türklər Qarabağda olan ermənilərdən ən azı 30 dəfə
çoxdur. Almaniyanın Federal Statistik İdarəsinin məlumatına görə, Almaniyada
3,5 milyon yarımdan artıq türk yaşayır”.
Həmyerlimiz bildirib ki, sülhsevər və multikultural dəyərlərə malik Azərbaycan
dövləti Qarabağdakı erməni icmasının reinteqrasiyası məqsədilə bütün qanuni
addımları atır.