Azərbaycan dili ilə bağlı yenilik: Sertifikasiya imtahanı CEFR səviyyəsində
keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının
modelini təqdim edib.
Cixisyolu.com xəbər verir ki, martın 5-də DİM-də bununla bağlı tədbir keçirilib və
modellə yanaşı Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər də
açıqlanıb.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu,
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi,
Yunus Əmrə İnstitutu və digər təşkilatların nümayəndələri, müxtəlif ali təhsil
müəssisələrinin professor-müəllim heyəti iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxışı zamanı ölkəmizin öz
dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf
etdirilməsi yolunda geniş üfüqlər açıldığını qeyd edib:
“Müstəqilliyimizin başlıca rəmzlərindən sayılan Azərbaycan dilinin inkişaf
etdirilməsinə dövlət qayğısının artırılması, ana dilimizin öyrənilməsi,
dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə nəzarətin
gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır.
Ölkə rəhbərliyinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları
dilin istifadəsinə və tədqiqinə dövlət qayğısının bariz göstəricisidir.
DİM tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq
standartlara uyğun ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi
prioritet məsələ kimi müəyyən edilib. Bu məqsədlə DİM mütəxəssislərlə birgə
“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və
sertifikasiya imtahanı modeli hazırlayıb.
Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini
öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini
təmin edəcək.
“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram
artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna
istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən
şəhadətnamə verilib”.
“Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün
kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin
hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR –
The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin
xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib”, – deyə sədr qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Dillər Universitetinin baş müəllimi və
proqramın həmmüəlliflərindən biri Səbinə Əliyeva proqramın yaranma zərurəti,
əhatə dairəsi və qarşıya qoyulan hədəflər haqqında məlumat verib.
Dövlət İmtahan Mərkəzinin əməkdaşı Mehriban Cəfərsoy isə “Azərbaycan dili üzrə
sertifikasiya imtahanı” modelinə aid təqdimatla çıxış edib.
Könül Cəfərli