Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda saxlanılan Qırğız Respublikasının dörd vətəndaşı ölkələrinə
təhvil verilib.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
bildirilib.
Belə ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il
tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində beş nəfər
azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.
DİN-nin Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə
qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər
barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib. Araşdırmalar
nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya,
digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu
müəyyən edilib.
Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında
haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən dörd
nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən
edilib və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına
təhvil veriliblər.
Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün
Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə
tədbirlər davam etdirilir.