Azərbaycan dörd qolla rəqibinə qalib gələrək dünya çempionu oldu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə
Atçılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr
olunmuş Milli Atçılıq Festivalı başa çatıb.
Bu barədə Cixisyolu.com-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Qeyd olunub ki, 8 noyabr 2023-cü il tarixində Çövkən üzrə Dünya Çempionatının
üçüncülük uğrunda və final oyunları keçirilib.
Günün ilk, çempionatın 7-ci oyunu saat 16:00-da Özbəkistan – Polşa, final
oyunu isə Azərbaycan – Mərakeş komandaları arasında olub.
Üçüncü turda baş tutan mübarizənin sonunda Polşa Özbəkistana 0-5 hesabı ilə
qalib gələrək üçüncü yerin sahibi olub.
Qarşılaşmada Marek Setkieviç üç, Marta Şostak bir və Marianna Olbriç bir qolla
fərqlənərək komandalarına qalibiyyət gətirməyi bacarıblar.
Günün son və çempionatın final oyunu Azərbaycan və Mərakeş komandaları
arasında keçirilib.
Final oyununda komandamız dörd qolla üstünlük əldə edərək Dünya Çempionatının
qalibi olub.
Rəqib komandanın qapısına qolları Tərlan Qurbanaliyev (iki), Şamil Budaqov və
Şahmar Nağızadə vurublar.
Ümumilikdə çempionatın bombardiri altı qolla Tərlan Qurbanaliyev olub.
Beləliklə, Azərbaycan birinci, Mərakeş ikinci, Polşa isə üçüncü yerdə
qərarlaşıb.
Sonda dörd, beş və altıncı yerin sahiblərinə çempionatda iştirak etdiklərinə
görə təşəkkürnamə, ilk üç yerin qalibinə ardıcıllıqla qızıl, gümüş və bürünc
medal, həmçinin Fəxri Diplom, final oyununun qalibi olan milli yığmamıza isə
Dünya Çempionatının kuboku təqdim edilib.