Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində beş publik hüquqi
şəxs yaradılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında
fərmana əsasən, qurumun tabeliyində beş publik hüquqi şəxs yaradılıb.
“Report” xəbər verir ki, bunlar aşağıdakılardır:
– “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çevrilmə formasında
yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti – Bu qurum meliorasiya
və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan
meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında
(istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların,
boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan
Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və
Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli,
istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı
sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;
– “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin
Birləşmiş Su Təchizatı Xidməti – Bu qurum Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və
Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və
digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı
və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;
– “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın Meliorasiya Elmi Tədqiqat
İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya
Elmi Tədqiqat İnstitutu – Bu qurum su və meliorasiya sahəsində fundamental və
tətbiqi tədqiqatlar həyata keçirən publik hüquqi şəxsdir;
– “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın Tikilməkdə olan meliorasiya və
irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən
təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti – Bu qurum tikinti
işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini və
əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış
vəsaitin idarə edilməsinin səmərəliliyini təmin edən, habelə su təsərrüfatı və
meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin inşası,
yenidən qurulması, bərpası ilə bağlı satınalmaları təşkil edən publik hüquqi
şəxsdir;
– “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın Su təsərrüfatı obyektlərinin
layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və
tabeliyindəki “Azərsu”yun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun
çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin
Layihələndirilməsi İnstitutu – Bu qurum su təsərrüfatı və meliorasiya
obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması
sistemlərinin layihələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir.
Publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək “Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı” və “Azərsu” öz fəaliyyətini davam etdirir və
onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə
maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi
sistemi saxlanılır;
Publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin
vəsaiti, habelə onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan
olunmayan digər mənbələr hesabına maliyyələşir;
Publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti onların fəaliyyətindən
əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına
maliyyələşir;
Publik hüquqi şəxslərin nizamnamə fondu onların çevrilmə yolu ilə yenidən
təşkil olunduqları qurumların əmlakı (bu Fərmanın 8.1.6.1-ci və 8.1.6.2-ci
yarımbəndləri nəzərə alınmaqla) hesabına formalaşır.