Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AzInTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın telekommunikasiya operatoru “Azercell Telecom”un səhmlərinin nəzarət zərfinin alınması ilə bağlı bu gün müqavilə imzalayıb.
ÇıxışYolu.Com xəbər verir ki, müqaviləyə əsasən, “AzInTelecom” MMC ümumi dəyəri 221,687,392.12 AVRO olan “Azercell” səhmlərinin 51.3%-ni əldə edib.
Qeyd edək ki, “Azerbaijan International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyətin payları tam olaraq dövlətə məxsusdur. Bu gün imzalanan müqavilə ilə MMC Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkətinin “Azertel” şirkətindəki paylarını satın almış olub.
“Fintur Holdings B.V.” şirkətinin səhmdarları İsveç qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB” Açıq Səhmdar Cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Turkcell İletişim Hizmetleri A.Ş” Səhmdar Cəmiyyətidir.
“Fintur Holdings B.V.” şirkətinin əsas səhmdarı olan “Telia Company AB” özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq prosesindədir. O cümlədən həmin proses “Telia Company AB” şirkətinin Azərbaycan bazarından çıxmasını şərtləndirir.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada “AzInTelecom”un “Azercell”də payların özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, “AzInTelecom” “Azercell”in iştirakçısı qalacaq.
“AzInTelecom” “Azercell”in səhmlərinin nəzarət zərfini əldə etməklə mobil rabitə xidmətlərinin keyfiyyətini yüksəldəcək və yeni nəsil şəbəkə xidmətlərini tətbiq edəcək.
Səhmlərin nəzarət zərfinin alınması Azərbaycanda qeyri-neft sektorunun davamlı və rəqabətyönümlü inkişafını prioritet hədəf kimi müəyyən edən dövlət siyasətinə uyğun həyata keçirilir.