“Azərbaycan Emmanuel Makrona dərs verdi” – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın Fransa Prezidenti Emmanuel Makronun iştirak etdiyi hər hansı bir
müzakirədən imtina etməsi Paris üçün ibrətamiz dərsdir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, Fransanın həm daxili, həm də xarici siyasəti E.Makronun
ölkəyə rəhbərliyi dövründə nəzərəçarpan dərəcədə deqradasiyaya uğrayıb:
“Ölkə daxilində insan hüquqlarının pozulması, Makron hökumətinin islahatlarına
qarşı dinc nümayişlərin qəddarlıqla dağıdılması, etiraz aksiyalarında “sarı
jiletlilər” hərəkatının bir neçə üzvünün öldürülməsi və yaralanması dövlətin
apardığı daxili siyasətin heç də qənaətbəxş olmadığını, insan haqlarının kobud
şəkildə pozulduğunu təsdiqləyən hadisələrdir. Fransa BMT Təhlükəsizlik
Şurasının daimi üzvü kimi beynəlxalq siyasətdə də əsas söz sahiblərindən
biridir. Ancaq bu istiqamətdə də Yelisey sarayı tərəfindən atılan addımların
bir çox hallarda beynəlxalq hüquq normalarına zidd olduğu açıq-aşkar görünür.
Fransanın hələ də müstəmləkəçilik əsarətində saxlamağa çalışdığı bir sıra
Afrika ölkələrində Fransa siyasətinə qarşı güclənən etiraz dalğası onların yeni
müstəmləkəçilik siyasətinin iflasa uğradığını göstərir”.
Deputat qeyd edib ki, 2020-ci ildən başlayaraq E.Makronun Azərbaycana və
Türkiyəyə qarşı demarş cəhdləri də Parisin siyasətinin ikiüzlülüyünün və
riyakarlığının sübutudur:
“Qarabağla bağlı Azərbaycan və Ermənistan arasında münaqişənin həllində guya
ədalətli və tərəfsiz vasitəçi olmağa iddia edən Fransa Emmanuel Makronun
prezidentliyi dövründə açıq-aşkar Ermənistanın işğalçılıq siyasətinə dəstək
verdiyini bəyan edib. Prezident Makronun 44 günlük müharibə zamanı Ermənistanın
haqsız mövqeyini dəstəkləmək üçün yalan və iftiralarla dolu bəyanatlar
verməsini isə xüsusilə son zamanlar beynəlxalq siyasətdə az rast gəlinən siyasi
əxlaqsızlıq nümunəsi hesab etmək olar. Müharibə başa çatdıqdan sonra Azərbaycan
və Ermənistan arasında münasibətlərin normallaşması üçün münbit zəmin
yaranmışdı”.
C.Feyziyev xatırladıb ki, müharibədən sonra Ermənistan siyasi hakimiyyəti
Azərbaycanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etmişdi:
“Lakin Prezident Makronun sülh danışıqlarına müdaxiləsi Ermənistanın mövqeyini
dəyişdirdi, orada revanşist qüvvələrin fəallaşmasına və nəticə etibarı ilə sülh
danışıqlarının dalana dirənməsinə gətirib çıxardı. Odur ki, Azərbaycan haqlı
olaraq Makronun iştirakı olan hər hansı müzakirələrdən imtina etməli oldu. Bu,
əslində, Fransa üçün ibrətamiz bir dərs olmalı idi. Ancaq biz görürük ki,
Makron siyasi müstəvidə uduzmağını həzm edə bilmir. O əvvəlki kimi Cənubi
Qafqazda sülh və təhlükəsizlik mühitinin bərpa olunmasına maneçilik törətməyə
cəhd göstərir və bu məqsədlə də Ermənistandan istifadə etməyə çalışır.
Zənnimcə, artıq Ermənistanda da bəzi siyasətçilər başa düşürlər ki, Makronun
məqsədi ermənilərin təhlükəsizliyinə töhfə vermək yox, onların bu ağır
vəziyyətindən sui-istifadə etməklə Ermənistanı özünün yeni müstəmləkəsinə
çevirməkdən ibarətdir. Bu isə bütövlükdə Cənubi Qafqaz bölgəsinin maraqlarına
ziddir. Ona görə də düşünürəm ki, hətta Ermənistan Fransanın forpostu olmağa
razılaşsa belə, digər bölgə dövlətləri – Türkiyə, Azərbaycan, Gürcüstan və
Rusiya buna yol verməyəcəklər”.