Rüstəm Qaraxanlı yazır…
Venesuela prezidenti Nikolas Maduro Böyük Britaniya və İspaniyanı yerli
amerikalıları və Afrikadan gətirilən qulları talanda suçlayaraq onlardan
reparasiya tələb edib. Karib hövzəsi dövlətlərini bu tələblərində
dəstəklədiyini deyən Maduro bəyan edib ki, həm İspaniya, həm də Britaniya
“torpaqlarımızı talan etməkdə, əcdadlarımızı qula çevirməkdə və onlara əzab
verməkdə günahkardırlar”.
Bir müddət bundan öncə Polşa da Almaniyanın ünvanına oxşar məzmunlu ittihamla
çıxış edərək ona dəyən zərərin ödənilməsi tələbini irəli sürüb. Ukrayna
prezidenti Zelenski isə Rusiyanı nəinki reparasiya, həm də kontribusiya ilə
hədələyir. Reparasiya dəymiş ziyana görə maddi kompensasiyanın uzun müddət
ərzində ödənilməsini nəzərdə tutur. Almaniya II Dünya müharibəsini törətdiyinə
görə kompensasiya ödənişini yalnız 2010-cu ildə bitirib. 1990-cı ildə Küveytə
soxulmuş İraq isə üç il əvvəl – 2021-ci ildə. Zelenskinin istəyinin reallaşması
təbii ki, az real görünür. Reparasiya aqressiya törədən, ancaq nəticədə məğlub
olan dövlət tərəfindən ödənir. Ukrayna-Rusiya cəbhəsindəki hazırkı vəziyyət heç
də Kiyevin xeyrinə deyil və belə görünür ki, onun qələbəsi ilə bitməyəcək.
Kontribusiya isə yenə də məğlub tərəfindən ödənilir, ancaq bir fərqlə ki, qalib
işğalçı da ola bilər. Yəni faktiki olaraq bu halda kontribusiyanı Moskva
Kiyevdən tələb edə bilər – müharibəni də başlayıb, əraziləri də işğal edib və
güman ki, qalib tərəf də o olacaq.
Ermənistanla yekun sülhün əldə edilməməsi şəraitində Azərbaycan ərazilərinə
dəymiş hədsiz maddi ziyanın reallıq olması reparasiya mövzusunu bizim üçün də
aktual edir və şübhə yoxdur ki, zamanı gəldikcə qaldırılacaq. Prezidentİlham
Əliyev müharibə bitəndən dərhal sonra və bir neçə dəfə bu mövzuya toxunub,
Azərbaycana dəyən maddi zərərin dəqiq hesablanması üçün işğaldan azad edilmiş
ərazilərdə müvafiq işlər görülməsi tapşırığını verib. Ötən həftə sosial
şəbəkələrin erməni seqmentində çıxmış bir məlumat Ermənistanla Azərbaycan
arasındakı sülh prosesində reparasiya mövzusunun da olduğuna dəlalət edir.
Həqiqətə nə qədər yaxın və uzaq olması üzərində dayanmayaraq qeyd edək ki,
həmin məlumata görə, rəsmi Bakı Yerevandan 10 il ərzində 350 milyard dollar
vəsaitin ödənilməsini tələb edir.
İşğal və aqressiyaya görə kompensasiyanın ödənilməsinin ən azı iki forması
məlumdur. Restitusiya dəymiş maddi zərərin ödənilməsi və talan edilmiş əmlakın
qaytarılmasıdır. Bizim halda Ermənistanın qəsb etdiyi infrastrukturu və
vətəndaşlarımızın oğurlanmış əmlakını qaytara bilməsi mümkünsüz görünür.
Satisfaksiya isə məğlub olan işğalçının vurduğu mənəvi ziyana görə siyasi
məsuliyyətidir – məğlub tərəfin rəhbəri publik formada törətdikləri əməlin
beynəlxalq hüquqa zidd olduğunu bildirməli və üzr istəməlidir. Prezident İlham
Əliyev son açıqlamalarından birində bu məqama da toxunaraq Ermənistanın rəsmi
şəxslərinin üzr istəməli olduğunu bəyan edib.
Müasir dünyada reparasiyanın ödənilməsi və ya mənəvi zərərə görə üzrün
istənilməsi yolunda ən azı iki böyük maneə var. Bunlardan birincisi odur ki,
məğlub tərəf kapitulyasiya etdiyini rəsmən boynuna almalıdır. Məhz buna görə
rəsmi Bakı 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın kapitulyasiya aktı olduğu
bildirir. Paşinyan isə Fransa və digər havadarlarının yekun sülhə xələl gətirən
əməllərinə arxalanaraq kapitulyasiyanı qəbul etmir. Məğlubun rəsmən olmaması
beynəlxalq hüquqi müstəvidə, müvafiq platformalarda problemin qaldırılmasını
əngəlləyən ciddi maneədir. Ermənistanın konstitusiyasında dəyişiklik etməkdən
boyun qaçırmasının bir səbəbi də mümkün gələcək reparasiya tələblərindən irəli
gəlir. “Konstitusiya mövzusu Ermənistanın daxili işidir” paradiqması
ermənilərin problemi beynəlxalq hüquqi platformalardan uzaqlaşdırmaları
cəhdidir. Əgər İrəvan konstitusiyada dəyişikliyə gedərsə, Azərbaycan
torpaqlarının ilhaqını vaxtilə qanuniləşdirdiyini qəbul etmiş olacaq.
İkinci maneə müasir dünyanın acı gerçəkliyi – güclünün həmişə haqlı olması
prinsipidir. Söhbət Azərbaycanla Ermənistan arasında kimin güclü olmasından
getmir. Məsələ hələ də birqütblü olan dünyada söz sahibinin kimlər
olmasındadır. Problem kollektiv Qərbin, ələlxüsus da ABŞ və Fransanın aşkar
şəkildə işğalçının tərəfində durmalarındadır. Aydın məsələdir ki, Azərbaycan
tələblərini hüquqi müstəviyə çıxardıqda Minsk qrupunun ən azı iki üzvü qanuni
tələbimizin qarşısında ciddi maneələr yaratmağa çalışacaqlar.
Vyetnam müharibəsində həm işğalçının, həm də məğlubun ABŞ olmasına baxmayaraq,
Vaşinqton törətdiklərinə görə bir sent belə kompensasiya ödəməyib və rəsmi üzr
istəməyib. ABŞ İraq və keçmiş Yuqoslaviya ərazisini bombaladığına, hərbi
müdaxiləyə görə də reparasiya ödəməyib. 1999-cu ildə hətta məşhur “Time”
dərgisində bu başlıqlarla yazılar da işıq üzü görüb: “Bringing the serbs to
hell” (Serbləri cəhənnəmə göndərək) və “Massive bombing attack opens the door
to peace” (İraqın şiddətli bombalanması sülhə yol açır). Vaşinqton rəsmiləri
İraqda törətdiklərini xəyali nüvə silahına görə etdiklərini, ancaq
ehtimallarının yanlış olduğunu gizlətmirlər. Vaşinqtonun antiterror mübarizəsi
adı altında Əfqanıstanı işğal etməsi, sonra isə ölkəni yenidən mübarizə
apardığı taliblərə təhvil verib qaçması də başqa bir misal. Hər hansı
məsuliyyətdən söhbət belə getmir.
Qərbdəki erməni diasporunun, xüsusilə də ABŞ qanunvericiləri arasındakı
lobbinin son zamanlar Azərbaycanın ünvanına hədəflənmiş ədalətsiz çıxışlar və
təşəbbüslər etmələri ənənəvi və öyrəşdiyimiz çirkli təbliğat kampaniyası
olmaqla yanaşı, həm də atılan preventiv – önləyici addımlardır. Rəsmi Bakını
“erməni siyasi xadimləri”ni həbs etməkdə, “erməni əsirləri”ni qaytarmamaqda
suçlamaqla ləkələmək cəhdi indidən daha çox gələcəyə hesablanıb.