74ba9f23-29ae-49cc-8bf7-2566a16cf79b..jpg

Azərbaycan FAO ilə “ağıllı kənd”lərin yaradılması istiqamətində əməkdaşlığa hazırdır – FOTO

Baxış sayı: 611 dəfə baxılıb.

Azərbaycan FAO ilə “ağıllı kənd”lərin yaradılması istiqamətində əməkdaşlığa
hazırdır – FOTO

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə ölkədə
kəndlərin rəqəmsallaşma yolu ilə “ağıllı kənd”ə çevrilməsi istiqaməti üzrə
əməkdaşlığa hazırdır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bunu kənd təsərrüfatı naziri
Məcnun Məmmədov Özbəkistanın Səmərqənd şəhərində ərzaq təhlükəsizliyi üzrə
beynəlxalq konfransda iştirak edərkən bildirib.

M.Məmmədov bildirib ki, dayanıqlı aqrar qida sistemlərinin yaradılmasında kənd
təsərrüfatının rəqəmsallaşdırılması, eləcə də qabaqcıl texnologiyalar və ən
yaxşı təcrübələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Nazir əhalisinin sayı
daim artan dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqro-ərzaq
sistemlərinin transformasiyasının vacib olduğunu diqqətə çatdırıb.

Azərbaycan hökumətinin kənd təsərrüfatında rəqəmsallaşmaya xüsusi önəm
verdiyini deyən M. Məmmədov əlavə edib ki, torpaqlarımız işğaldan azad
edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl
enerji zonası elan edib: “Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası,
yenidən qurulması, bu ərazilərdə gələcək inkişafının təmin olunması, zəruri
infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata
keçirilir”.

Qeyd olunub ki, bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və
təcrübələri özündə ehtiva edən “ağıllı kənd” konsepsiyasına əsasən, inkişaf
etdiriləcək. Bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu
ilə gələcəkdə “ağıllı kənd”ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu
istiqamətdə sıx əməkdaşlığa hazırdır. Bununla yanaşı, digər strateji
təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli
əməkdaşlığı dəstəkləyir.

Qeyd edək ki, FAO-nun texniki dəstəyi, Özbəkistan hökumətinin təşkilatçılığı
ilə keçirilən bu mötəbər beynəlxalq tədbirdə 30-dan çox ölkənin rəsmiləri,
nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, elmi-tədqiqat müəssisələrinin
mütəxəssisləri və ekspertlər iştirak ediblər. Azərbaycanı beynəlxalq tədbirdə
kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edib.

Konfransda ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının dayanaqlı inkişafının
təmin edilməsi ilə bərabər ətraf mühitin, eləcə də torpaq və su resurslarının
qorunması, innovasiyaların kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi
məsələsinin müasir dövrün ən aktual çağırışlarından olduğu vurğulanıb.

Konfrans işini mövzu ətrafında panel sessiyalarla davam etdirib.

Tədbir iştirakçıları “Özbəkistan aqro-ərzaq investisiya forumu”nda iştirak
ediblər, “Özbəkistanın aqro-ərzaq potensialı” sərgisinə baş çəkib, sərgidə
nümayiş olunan kənd təsərrüfatı texnikaları, qida sənayesinin müxtəlif sahələri
üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll
variantları, qablaşdırma materialları və digər məhsullara baxış keçiriblər.

Səfər çərçivəsində M.Məmmədov Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah
bin Abdulaziz bin Turki Al-Subaye ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər
arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət
dövriyyəsinin artırılması, “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti
Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Anlaşma
Memorandumunun yenilənməsi, bu ilin oktyabr ayında Qətərdə keçiriləcək
bağçılıqla bağlı sərginin əhəmiyyəti və Azərbaycanın bu sərgidə iştirakı
məsələləri müzakirə olunub.

Eyni zamanda, M.Məmmədov və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış
qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru
Yerlan Baidaulet arasında görüş keçirilib. Tərəflər regional qida
təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə ediblər, bu istiqamətdə
birgə layihələrin həyata keçirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib.

Səfər çərçivəsində M. Məmmədovla Qırğız Respublikasının kənd təsərrüfatı
naziri Askarbek Canibekovla ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə
arasında kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, toxumçuluq sahələrində
gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Qırğız tərəfi rəqəmsallaşma,
“in-vitro” laboratoriyası sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsində
maraqlı olduqlarını qeyd edib və bununla bağlı qarşılıqlı razılıq əldə olunub.

Səfər çərçivəsində tədbir iştirakçılarının Səmərqənddə kənd təsərrüfatı
obyektləri və sahələrə baxış keçirməsi nəzərdə tutulur.

Source link