495d352c-ade8-4491-a64e-5d029dee2ac7..jpg

Azərbaycan filmi Fransada üç mükafat qazanıb – FOTO

Baxış sayı: 915 dəfə baxılıb.

Azərbaycan filmi Fransada üç mükafat qazanıb – FOTO

Azərbaycan filmi Fransada üç mükafat qazanıb.

“Report” xəbər verir ki, Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri
Beynəlxalq Festivalının (“Festival International des Cinémas d’Asie”)
mükafatlandırma mərasimi keçirilib.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai
Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə
istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi festivalın üç
(Beynəlxalq Jürinin Böyük Mükafatı, NETPAC Jürisinin mükafatı və Mark Haaz jüri
mükafatı) mükafatına layiq görülüb.

Rejissorluğunu Asif Rüstəmovun etdiyi filmdə uğursuz rəssam və sevgilisinin
qarışıq münasibətlərindən bəhs olunur. Belə ki, həbsdən evə qayıdan ata oğlunun
həyatına müdaxilə etməyə çalışır.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və
niderlandlı həmkarı Roelof Jan Minnebu, rejissoru Asif Rüstəmov, quruluşçu
operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq
Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Gilyom de Seyl, kreativ
prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və
Xalq artisti Qurban İsmayılov çəkiliblər.

Qeyd edək ki, filmin festival marşrutu mart ayı ərzində davam edəcək. “Mərmər
soyuğu” 16-31 mart tarixlərində Bolqarıstanın paytaxtı Sofiya şəhərində
keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə
proqramında yarışacaq.

“Mərmər soyuğu” filmi dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF
Tallin Qara Gecələr Film Festivalında edib. Festivalın əsas müsabiqə
proqramında “Ən yaxşı aktyor” (Qurban İsmayılov) mükafatına layiq görülüb.
2022-ci ildə “Mərmər soyuğu” Hindistanın Qoa şəhərində keçirilən 53-cü
Hindistan Beynəlxalq Film Festivalının əsas proqramında və 16-cı Avrasiya
Beynəlxalq Film Festivalında da iştirak edib. Sonuncu festivalda film “Ən yaxşı
rejissor” (Asif Rüstəmov) mükafatına layiq görülüb.

Source link