274f6bd2-9e94-41a2-8a83-f6b0af832c14..jpg

Azərbaycan futbolunun tarixi gecəsi: “Qarabağ” Almaniyada möcüzə axtarışında – ŞƏRH

Baxış sayı: 803 dəfə baxılıb.

Azərbaycan futbolunun tarixi gecəsi: “Qarabağ” Almaniyada möcüzə axtarışında –
ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan futbolunun nəbzi bu gün Almaniyada döyünəcək. “Qarabağ”
Leverkuzendə tarixi oyuna çıxacaq. “Köhlən atlar” UEFA Avropa Liqasının 1/8
final mərhələsinin cavab matçında “Bayer 04” ilə münasibətləri aydınlaşdıracaq.
Buraya qədər irəliləməklə Azərbaycan futbolunda yeni səhifə açan Qurban
Qurbanovun komandası daha bir tarixi uğurun astanasındadır. Bunu
gerçəkləşdirmək üçün isə cəmi bir addım kifayətdir.

Bəs bu hədəfə çatmaq nə dərəcədə realdır? Ağdam təmsilçisinin Avropa Liqasının
1/4 finalçıları, yəni ən güclü səkkiz komandası sırasında yer alması
mümkündürmü? Etiraf etmək lazımdır ki, Azərbaycan çempionunun Leverkuzendə işi
heç də asan olmayacaq. Rəqib Avropanın ən hazırlıqlı, mobil, saat mexanizmi
kimi dəqiq işləyən, qarşısıalınmaz komandasıdır. Zarafat deyil, Xabi Alonsonun
yetirmələri ardıcıl 36 oyundur, məğlubiyyətin nə olduğunu bilmirlər. Leverkuzen
təmsilçisi bu görüşlərin 31-də qələbə sevinci yaşayıb, rəqiblərinin qapısından
100-dən çox top keçirib. Bir sözlə, “alman maşını” hazırda nəinki qitə, dünya
miqyasında ən stabil komandadır. Bundesliqada turnir cədvəlinin zirvəsində
qərarlaşan “Bayer 04” Avropa Liqasında da inamla irəliləyir.

Amma bu nüanslar, təbii ki, ruhdan düşmək, indidən ağ bayraq qaldırmaq üçün
əsas olmamalıdır. Turnirin qrup mərhələsində də “Bayer 04” ilə qarşılaşan
“köhlən atlar” rəqibini daha dərindən tanıyırlar. Bir müddət əvvəl Leverkuzen
təmsilçisinin düşərgəsinə səfər edən Qurban Qurbanov üçün bu komanda sirli qutu
sayıla bilməz, əksinə, oxunmuş kitabdır. Martın 7-də Tofiq Bəhramov adına
Respublika stadionunda reallaşan 1/8 finalın ilk görüşündə də bunun şahidi
olduq.

Düzdür, daha çox Bundesliqanı düşünən Xabi Alonso Bakıda meydana ilk
dəqiqələrdən sərəncamında olan əsas fiqurların hamısını buraxmamışdı.
İspaniyalı mütəxəssis bir növ “az qan”la Almaniyaya zəfərlə dönəcəyini
düşünürdü. Amma ilk 45 dəqiqədən sonra yanıldığının fərqinə vardı və yanında
oturtduğu əsas fiqurları ikinci hissədə döyüşə atdı. 2:0 hesablı üstünlüyü
yaxalamaq üçün böyük güc və enerji sərf edən “Qarabağ”ın futbolçuları da
yoruldular, ilk hissədəki təravətdən əsər-əlamət qalmadı. Abdullah Zubirin uşaq
səhvindən sonra fərqi azaldan qonaqlar oyunun sonlarında bərabərliyi də təmin
etdilər.

Halbuki, sonluq yağışlı havada tribunalarda, həmçinin televizorlar önündə
“Qarabağ”ı irəli səsləyən azarkeşlər üçün uğurlu, Bundesliqanın lideri üçün isə
uğursuz ola bilərdi. Zubir kobud səhv etməsəydi, Olavio Juninyo hesab 2:1
olarkən qapıçı ilə dueldən qalib ayrılsaydı… Əlbəttə, daha komfortlu nəticə
ilə səfərə yollanmaq “Qarabağ”a əlavə üstünlüklər də verəcəkdi. Təmsilçimiz
meydana psixoloji cəhətdən daha rahat çıxacaq, rəqibin böyük qüvvə ilə irəli
atılmasına, müdafiədə boşluqlara yol verməsinə bel bağlayacaqdı. İndiki halda
isə…

Əslində, cari avrokubok mövsümündə boyundan yuxarı tullanan, Avropa Liqasının
pley-off mərhələsində “Braqa”nı sıradan çıxarmaqla proqnozları alt-üst edən
“Qarabağ”ın itirəcəyi heç nə yoxdur. Komanda, necə deyərlər, planı artıqlaması
ilə yerinə yetirib. Bu gün də meydana üzərində ciddi təzyiq olmadan çıxacaq. 36
oyunluq məğlubiyyətsizlik seriyası ilə futbol dünyasına səs salan “Bayer 04”
isə tam fərqli durumdadır, itirəcəyi çox şey var. Ümid edək ki, Bundesliqanın
liderinə bu işdə “Qarabağ” “kömək” edəcək. Azərbaycan futbolunun tarixi
gecəsində, Leverkuzendə, möcüzə axtarışına çıxan “Qarabağ”…

“Report” İnformasiya Agentliyi

Source link