Azərbaycan Futzal Federasiyasının rəsmisi: “UEFA-nın son qərarı bizim üçün
gözlənilməz oldu”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“UEFA-nın son qərarı bizim üçün gözlənilməz oldu”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Futzal Federasiyasının (AFF) Mətbuat
Xidmətinin rəhbəri Mahal Məmmədov DÇ-2024-ün elit mərhələsində keçirilmiş
Azərbaycan – Rumıniya oyununun nəticəsinin UEFA tərəfindən ləğv edilməsi və
millimizə texniki məğlubiyyət verilməsi ilə bağlı danışarkən deyib.
Federasiya rəsmisi bildirib ki, DÇ-2024-ün elit mərhələsinin oyunları zamanı
bu cür qərarlar çoxluq təşkil edib:
“Məsələn, E qrupunda 7 matçın, yer aldığımız qrupda isə bizə qədər 2 belə
görüşün nəticəsi ləğv edilmişdi”.
M.Məmmədov Rumıniya ilə qarşılaşmaya görə verilən texniki məğlubiyyətin
anlaşılmaz olduğunu sözlərinə əlavə edib:
“Rumıniya ilə görüşdə iştirak edən Amadeu 2013-cü, Rafael Vilela isə 2017-ci
ildən Azərbaycan millisinin heyətində çıxış edirlər. Rumıniya ilə matça qədər
onlar dəfələrlə Avropa və dünya çempionatının seçmə, eləcə də final
mərhələlərində iştirak ediblər. UEFA-nın bu illər ərzində heç bir reaksiya
verməməsi, əksinə, cari seçmə mərhələdə bu qədər oyunun nəticəsini ləğv etməsi
anlaşılmazdır”.
Qeyd edək ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın
15-də keçirilən Azərbaycan – Rumıniya (5:5) matçının nəticəsini ləğv edərək,
komandamıza 0:5 hesablı texniki məğlubiyyət verib. Qərarda komandamızın UEFA
İntizam Qaydasını pozduğu qeyd olunub.