Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının ( AGMA) ümumi yığıncağı keçirilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, yığıncağın qərarına əsasən, AGMA İctimai Birliyinin İdarə heyətinə yeni sədr seçilib. Bu vəzifəyə Rüfət Əsədzadə təyinat alıb.
Qeyd edək ki, Rüfət Əsədzadə 2012-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksini bitirib, həmin ildə Bakı Mühəndislik Universitetinə ingilis dilində kimya fakültəsinə qəbul olunub. 2017-2019-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında nano materiallar ixtisası üzrə magistratura pilləsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
7 ildən çoxdur ki, təhsil sahəsində çalışır. Hazırda Bakı-Oksford məktəbində kimya və təbiət fənlərini tədris edir. Eyni zamanda bu müəssisənin nəzdində fəaliyyət göstərən təlim mərkəzində müəllimlərin peşəkar inkişafı üzrə koordinator vəzifəsini icra edir.
Formal və qeyri-formal təhsil metodlarının tətbiq olunması və tədrisi istiqamətində ixtisaslaşıb. Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Macarıstan, Türkiyə və Ukraynada təhsil sahəsi ilə bağlı müxtəlif təlim və proqramların məzunu olub. “EduFriday” təhsil qurumunun rəhbəridir, həmçinin “Divarsız Məktəb” təhsil proqramı çərçivəsində uşaq, yeniyetmə və gənclərin inkişafı üzrə təhsilin məzmununa dəstək verir.
2020-ci ildən “Forest School Azerbaijan”da təhsil proqramlarının tətbiqi, təkmilləşdirilməsi və adaptasiyası üzrə işçi qrupuna rəhbərlik edir.