Azərbaycan Gənc Tamaşaçılar Teatrında “Balaca Kişilər” tamaşası oynanılacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İRƏLİ” İctimai Birliyinin
iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Balaca Kişilər” tamaşası
nümayiş olunacaq.
Bu barədə “İRƏLİ” İctimai Birliyinin Mətbuat Xidməti məlumat yayıb.
Yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan tamaşa
İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin
ideyası “Balaca Kişilər”in şücaətindən, onların müharibənin fonunda qəhrəmana
çevrilə bilmə bacarıqlarından bəhs edir.
Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və
qələbəmizə ithaf edilən tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə
yanaşı həm də hər bir vətəndaşın torpağa bağlılığını, mənəvi və bəşəri
dəyərlərə sadiqliyini təcəssüm etdirir.
Qeyd edək ki, tamaşa 23 sentyabr, saat 19:00-da baş tutacaq. “Balaca Kişilər”
tamaşasını izləmək üçün biletləri şəhərin kassalarından və iTicket.az saytından
əldə etmək olar.