64c2f04c-c292-48c3-abde-7fb382b28af9..jpg

Azərbaycan Gimnastika Federasiyasının baş katibi: “2023-cü il tarixi nailiyyətlərlə yadda qaldı” – MÜSAHİBƏ

Baxış sayı: 694 dəfə baxılıb.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi: “2023-cü il tarixi
nailiyyətlərlə yadda qaldı” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Batut gimnastikası bizim üçün nisbətən yeni növdür. Federasiyamız 2013-cü
ilin sonundan bu növün inkişafına başlayıb. Amma nəticələr özünü çox
gözlətməyib”.

Bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə
“Report”un suallarını cavablandırarkən deyib.

AGF rəsmisi cari ildə qazanılan nailiyyətlərdən söz açıb və qarşıdakı hədəflər
barədə danışıb.

– Cari ildə ölkəmizdə keçirilmiş yarışlarla bağlı təəssüratlarınız necədir?

– 2023-cü ildə gimnastikanın olimpiya növləri üzrə Dünya Kuboklarına ev
sahibliyi etmişik. Bu, fevral, mart və aprel aylarını əhatə edib. Mayda bədii
gimnastika üzrə Avropa çempionatı təşkil olundu. Burada əldə olunan nəticənin
Azərbaycanın tarixində mühüm rolu var. İlk dəfə qrup hərəkətləri komandamız
qitə çempionu adına layiq görüldü. Düşünürəm ki, bu, komandamızın lideri Zöhrə
Ağamirovanın da idmançı karyerasında dönüş nöqtəsi idi. Çünki o da bürünc
mükafat əldə etdi. Apreldə gənclər və böyüklər arasında beynəlxalq “AGF Trophy”
də keçirilib. Sentyabrda ilk dəfə Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq
turnir gerçəkləşdi. 2016-cı ildən etibarən Bakıda hər il orta hesabla 5-6 yarış
keçirilir. İlk dəfə paytaxtdan kənarda belə turnir oldu. Qubada bədii
gimnastika üzrə Azərbaycan birinciliyi təşkil etdik. Gələcəkdə bunu ənənəyə
çevirməyi planlaşdırırıq. Ümumiyyətlə, bölgələrdə daha çox yarışın reallaşması
bu idman növünün inkişafına təkan verəcək. Biz Quba Olimpiya Kompleksinə gələn
azarkeş sayından görürük ki, bölgələrdə gimnastikaya, xüsusilə bədii
gimnastikaya maraq böyükdür. Bu turnirlərin keçirilməsi gələcəkdə yığmada bölgə
gimnastlarının daha çox olacağına ümidimizi artırır. Noyabrda isə “Ocaq Sport”
klubunun beynəlxalq “Ocaq Cup” yarışı baş tutdu. Artıq ikinci dəfə keçirilirdi.
Bundan əlavə, milli yarışlarımız da olub. Altı gimnastika növü üzrə turnirlər
təşkil edirik. Bunlar da yekunlaşmaq üzrədir.

– İlin sonuna qədər hansı planlar var?

– Qarşıda bizi batut və tamblinq gimnastikası üzrə yerli yarışlar gözləyir.
Dekabrın 10-da turnirlərə yekun vurulacaq. Ümumiyyətlə, bu sonuncu yarış
olacaq. Milli Gimnastika Arenasında iki şou xarakterli tədbir də nəzərdə
tutulub. Onlardan biri “Ocaq Spor” klubunun 10 illiyi ilə bağlıdır. Bu klubun
gimnastları dekabrın 9-da Milli Gimnastika Arenasındakı şouda iştirak
edəcəklər. Dekabrın 27-də Bakıda eyni arenada yeni il şousu gerçəkləşəcək. Bu
artıq ənənə halını alıb. Bu ildə də bütün gimnastika növləri üzrə yığma üzvləri
yeni il şousuna qatılacaqlar. Hər iki tədbir üçün biletlər artıq satışdadır.

– Zöhrə Ağamirova Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Daha
neçə idmançının mötəbər yarışda iştirak ehtimalı var?

– Zöhrə İspaniyanın Valensiya şəhərində gerçəkləşən dünya çempionatında buna
nail oldu. Bu, onun ikinci olimpiya lisenziyasıdır. Ümid edirik ki, Zöhrə
Ağamirova ölkəmizi layiqincə təmsil edəcək. Bədii gimnastika üzrə qrup
hərəkətləri komandamızın da Paris-2024-ə qatılmaq şansı var. Onlar hazırda
Avropa çempionatına hazırlaşırlar. Qitə yarışında olimpiadaya lisenziya
oynanılacaq. Ümid edirik ki, yığmamız lisenziya əldə etməyi bacaracaq.

– Kişi gimnastlardan lisenziya gözlənilir?

– Dünya Kuboku, Avropa və dünya çempionatlarında lisenziyalar oynanılır. İvan
Tixonovun qarşıdakı Avropa çempionatında çoxnövçülükdə bunu əldə etmək ehtimalı
var. Nikita Simonov da halqa ilə alətlərdə fərqlənir. Dünya Kubokları vasitəsi
ilə olimpiadaya vəsiqə qazana bilər. 2024-cü ildə bir neçə Dünya Kuboku təşkil
ediləcək. Nəticələrə əsasən, lisenziya şanslarımız olacaq. Qadın idman
gimnastikasında isə Nazənin Teymurovanın lisenziya şansı var. O, həm Avropa
çempionatında, həm də Dünya Kubokunda bunun üçün çalışacaq. Batut
gimnastikasında Selcan Mahsudovanın lisenziya əldə edə biləcəyi gözlənilir. Bu
növdə isə yalnız dünya və Avropa çempionatında lisenziya uğrunda mübarizə
aparılır.

– Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və
tamblinq üzrə dünya çempionatında iki qızıl medal qazanıldı. Bu nəticəni
gözləyirdiniz?

– Bu, tarixi hadisə idi. Tamblinq üzrə milli komandamız ilk dəfə çempion oldu.
Mixail Malkin də bu növdə qızıl medala sahib çıxdı. O, 2018-ci ildə Bakıda
keçirilən Avropa çempionatında qızıl medal əldə etmişdi. Bundan sonra isə
Malkindən dünya çempionluğu gözlənilirdi. Daha əvvəl zədə və başqa səbəblərə
görə bu nailiyyəti qazana bilmirdi. Bəzən müəyyən səhvlər də buraxırdı. Artıq
ondan gözlənilən nəticəni dünya çempionatında göstərə bildi. Komanda hesabında
əldə edilən qızıl medal da tarixi hadisədir. Burada Malkin yoldaşları ilə
birlikdə çox gözəl çıxışlar nümayiş etdirdilər. Tofiq Əliyev və Adil Hacızadəni
xüsusi vurğulamaq istəyirəm. Bu, onların dünya çempionatında debüt çıxışları
idi. Təcrübələrinin az olmasına baxmayaraq, yaxşı nəticə qazandılar. Tofiq
Əliyev həmçinin finala da vəsiqə qazanmışdı. O, Malkinlə bərabər çıxışlarına
görə ilk dördlüyə düşə bilmişdi. Adil Hacızadə də nəticəsinə görə finalda
iştirak edə bilərdi. Lakin qaydaya görə, bir ölkədən yalnız iki gimnastın
həlledici raunda qatılmaq şansı var.

– Gimnastlarımız Birmingemdə batut və tamblinq üzrə 30-cu dünya yaş qrupları
yarışlarından da medallarla qayıtdılar…

– Batut gimnastikası bizim üçün nisbətən yeni növdür. Federasiyamız 2013-cü
ilin sonundan bu növün inkişafına başlayıb. Amma nəticələr özünü çox
gözlətməyib. İlya Qrişunin Bakıda keçirilmiş I Avropa Oyunlarında bürünc medal
qazanıb. Daha sonra gənclərimiz 2019-cu ildən batut gimnastikasında layiqli
çıxışları ilə fərqləniblər, medallarla ölkəmizə qayıdıblar. Bu dünya yaş
qrupları da istisna olmadı. Aleksey Karataşov tamblinq üzrə bürünc medal əldə
etdi. Bu isə o deməkdir ki, Azərbaycanda bir-birini əvəz edəcək gənc nəsil var.

– Başa çatan ili federasiyanız üçün necə qiymətləndirirsiniz?

– Bu ili uğurlu hesab etmək olar. Çünki 2023-cü il tarixi nailiyyətlərlə yadda
qaldı. Bayaq qeyd etdiyimiz titullarla yanaşı, akrobatlarımız da Avropa
çempionu adına layiq görülmüşdülər. Yeddi qızıl və iki gümüş medal əldə
edilmişdi. Bütün bu nəticələr bizi sevindirir.

Ümid edirik ki, idmançılarımız növbəti illərdə də bizi sevindirəcəklər. İdman
dəyişir, gimnastika növləri də inkişaf etməlidir. Bizim idmançılar da günün
nəbzini tutaraq idmançı karyeralarını daha da inkişaf etdirəcək və ölkəmizi
layiqincə təmsil edəcəklər.

Source link