bbb55231-5d01-4f9a-b6a0-bfa3ff3b0bdd..jpg

Azərbaycan güləşçisi: “Millinin liderlərindən biri olduğumu olimpiadada sübut edəcəyimə inanıram” – MÜSAHİBƏ

Baxış sayı: 855 dəfə baxılıb.

Azərbaycan güləşçisi: “Millinin liderlərindən biri olduğumu olimpiadada sübut
edəcəyimə inanıram” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güləş üzrə 2024-cü ilin ilk böyük turniri yanvarın 10-da Xorvatiyada
keçiriləcək. Azərbaycan millisi ayın 15-dək davam edəcək “Zaqreb Open”də 28
pəhləvanla mübarizə aparacaq.

2023-cü ildə məhz Zaqrebdə keçirilən Avropa çempionatında və “Zaqreb Open”də
qızıl medal qazanan sərbəst güləşçi Əliabbas Rzazadə onun üçün düşərli olan
ölkədə yenidən xalça üzərinə çıxacaq. 26 yaşlı idmançı bu dəfə 61 kq çəkidə
qüvvəsini sınayacaq.

Əliabbas Rzazadə “Report”a müsahibəsində həm qarşıdakı turnirdən
gözləntilərini bölüşüb, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya
qazanmaq şanslarını dəyərləndirib.

– Güləş üzrə ilin ilk beynəlxalq yarışına hazırsınız?

– Turnirə yüksək səviyyədə hazırlaşmışıq. Bu, 2024-cü ildə ilk reytinq
xarakterli yarışımızdır. İlə uğurlu start vermək istəyirəm. Bir çəki yuxarı
güləşməyimə baxmayaraq, həm federasiya rəhbərliyi, həm də məşqçilər məndən
yüksək nəticə gözləyirlər. Ölkə xaricindəki təlim-məşq toplanışından yeni
qayıtmışıq. Fikrimcə, “Zaqreb Open”ə hazırıq. Uğurlu nəticəyə ümid edirik.

– 2023-cü ilin aprelində Zaqrebdə Avropa çempionu olmuşdunuz. Rəqibləri
müqayisə etsək, eyni şəhərdə yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq
şansınız nə qədərdir?

– İndiki rəqiblərin əksəriyyəti ilə qarşılaşmamışam. Çünki bu dəfə 61 kq
çəkidə güləşəcəyəm. Ötən il “Zaqreb Open”də 57 kq çəki dərəcəsində qızıl medal
qazanmışdım. Eyni uğuru təkrarlaya bilərəm. Heç bir rəqibimdən zəif deyiləm.
Ancaq onları da özümdən zəif hesab etmirəm. Yarışa yüksək əhvali-ruhiyyədə
hazırlaşmışam. Bu motivasiya ilə çempionluğa ümid edirəm.

– 61 kq-ı seçməyinizin səbəbi nədir?

– Məşqçilərin qərarı belə oldu ki, bu yarışda 61 kq-da çıxış edim. Onlar mənə
bu çəkidə də inanırlar.

– Olimpiya çəkisi 57 kq-dır. Növbəti Avropa çempionatına qədər çəki salmalı
olacaqsınız. Bu amil çətinlik yaratmır?

– Yəqin ki, Avropa çempionatında 57 kq-da çıxış edəcəyəm və çəki salmalı
olacağam. Yenə də son qərarı məşqçilər heyəti verəcək. Bakıda keçiriləcək
təsnifat turnirində də 57 kq çəkidə mübarizə aparacağam. Məşqçilərim “Zaqreb
Open”də 61 kq-da çıxış etməyimi məsləhət görüblərsə, üzərimə düşən onların
etimadını doğrultmaqdır. Düşünürəm ki, qızıl medal qazana bilərəm.

– Avropa Olimpiya Təsnifat turniri bu il Bakıda keçiriləcək. Paris-2024 Yay
Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bunu ciddi üstünlük saymaq olar?

– “Doğma divarlar” arasında güləşmək gözəl hissdir. Həmin turnirdə ən güclü
heyətlə çıxış edəcəyik. Avropa Olimpiya Təsnifat turnirində ancaq finalçılar
olimpiadaya lisenziya qazanacaqlar. Həmçinin mayda İstanbulda təşkil ediləcək
dünya çempionatında ilk üç yerin sahibləri olimpiadada iştirak hüququna
yiyələnəcəklər. Bakıdakı yarışda azarkeş dəstəyinin bizə böyük köməyinin
dəyəcəyini hesab edirəm. Fikrimcə, Yay Olimpiya Oyunlarında Azərbaycanı bütün
çəkilərdə, tam heyətlə təmsil edə biləcəyik.

– “Zaqreb Open”də 57 kq çəkidə İslam Bazarqanov yarışacaq. Onun mümkün uğurlu
çıxışı bu rəqabətdə işinizi çətinə salmayacaq?

– İslam Bazarqanovla ötən il “Zaqreb Open”də qarşılaşmışdım və 10:0 hesablı
qələbə qazanmışdım. Rəqabətə hazıram. İslam çempion olsa, yəqin ki, məşqçilər
ya bizə əlavə görüş imkanı verəcəklər, ya da heyəti başqa cür quracaqlar.
Onunla rəqabət bəlkə də olimpiadaya lisenziya qazanmağıma və Parisdə uğurlu
nəticə qazanmağıma kömək edəcək.

– Olimpiadaya lisenziya qazanmaq və orada mükafatçılar sırasına düşmək
şansınızı necə dəyərləndirirsiniz?

– Ötən il Avropa çempionluğunu qazandım. Daha əvvəlki yarışın finalında isə
məni şimali makedoniyalı rəqibə uduzdurdular. Həmin hakimləri sonra yarışdan
kənarlaşdırdılar. Avropa Olimpiya Təsnifat turnirində qarşılaşacağım bütün
rəqibləri daha əvvəl məğlub etmişəm. 57 kq çəkidə olimpiadaya vəsiqə qazanmaq
baxımından ən böyük şans məndədir. Olimpiadaya isə 6 ay vaxt qalıb. Güləşdə bu,
uzun müddət deməkdir. Daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Özümü
ötənilkindən daha güclü hiss edirəm.

– Hacı Əliyevdən sonra millinin lideri olmağa ən real namizəd siz hesab
olunursunuz. Bu yükü çiyinlərinizdə daşımağa hazırsınız?

– Yığmanın lideri olmaq üçün əlimdən gələni edəcəyəm. Komandamızın kapitanı
Hacı Əliyev, çox güman ki, olimpiadadan sonra karyerasını bitirəcək. Güləşin
ona olimpiya çempionluğu borcu var. Çox istərdim ki, Hacı Parisdə qızıl medal
qazansın. Hamımız ona güvənirik. Gənc nəsil isə inkişaf etməkdədir. Millinin
liderlərindən biri olduğumu düşünürəm. Olimpiadadakı nəticəmlə bunu sübut
edəcəyimə inanıram. Olimpiya çempionu olaraq məndən bunu gözləyən hər kəsi,
xalqımızı sevindirmək istəyirəm.

Source link