ede781bb-eea0-4102-83ae-68cb0c23567d..jpg

Azərbaycan güləşçisi: “Zədəm olmasa, bütün rəqiblərimə qalib gələ bilərəm”

Baxış sayı: 743 dəfə baxılıb.

Azərbaycan güləşçisi: “Zədəm olmasa, bütün rəqiblərimə qalib gələ bilərəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turnir ərəfəsində özümü yüksək hazırlıq formasında hiss etmirdim. Ancaq özümə
çox inanırdım. Düşünürəm ki, məhz buna görə uğurlu nəticə əldə etdim”.

Bu sözləri Xorvatiyada keçirilmiş reytinq turnirində qızıl medal qazanan
yunan-Roma güləşçisi Sənan Süleymanov Azərbaycan Güləş Federasiyasının rəsmi
saytına açıqlamasında deyib.

77 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı
yarışın çətin keçdiyini bildirib: “Bir çox ölkələr qarşıdakı turnirlərə seçim
etmək üçün hər çəkidə 2-3 güləşçi gətirmişdi. Çəkimdə 42-43 idmançı var idi.
İlk görüşüm həmişə çətin olur. Bu dəfə də türkiyəli Ahmet Yılmaza çətinliklə
qalib gəldim. Sonra erməni əsilli Bolqarıstan güləşçisini məğlub etdim. Bu
görüş də asan keçmədi. Çünki rəqibim güclü idi. Növbəti mərhələdə 2022-ci ildə
dünya çempionatında uduzduğum Almaniya təmsilçisinə qalib gəldim. Yarımfinalda
türkiyəli Yunus Emre Başardan revanş aldım. İki dəfə hakimlərin kobud səhvinə
görə ona məğlub olmuşdum. Finalda isə hamının tanıdığı Joltan Levaya 5:0 hesabı
ilə qalib gəldim”.

O, final görüşünə xüsusi hazırlaşmadığını vurğulayıb: “Levayla 4-cü dəfə
qarşılaşdım. İlk dəfə 2020-ci il Avropa çempionatının finalında ona qalib
gəlmişdim. Sonra Bakıdakı Dünya Kubokunda Macarıstan güləşçisini məğlub etdim.
Ötən il qitə birinciliyində Joltana uduzdum. Bu dəfə isə yarışda yenidən ona
qalib gəldim”.

2020-ci ildəki Avropa çempionatında qızıl medal qazanan S.Süleymanov qarşıdakı
qitə yarışında həmin nəticəni təkrarlamağa çalışacağını söyləyib: “Olimpiada
öncəsi əsas yarış qitə birinciliyidir. İkinci dəfə Avropa çempionu olmağa
çalışacağam”.

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq şanslarını da
dəyərləndirən güləşçinin sözlərinə görə, bu cür yarışlarda asan rəqib olmur:
“Bütün iştirakçılara eyni gözlə baxıram. Düzdür, nəticə baxımından bəzi
idmançılar üstündür. Ancaq mən çəkimdəki bütün güləşçiləri özümə ciddi rəqib
sayıram. Zədəm olmasa, bütün rəqiblərimə qalib gələ bilərəm. Ümid edirəm ki,
istəyimə nail olacağam”.

Source link