Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük prosedurlarının
sadələşdirilməsi müzakirə edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri
arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası keçirilib.
“Report” xəbər verir ki, iclasda Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri
Şahin Bağırov təmsil edib.
Görüşdə tərəflər arasında “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində
tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə
dair Saziş”lə bağlı məlumat mübadiləsinin həyata keçirilməsi müzakirə olunub.
Layihənin siyasi, iqtisadi və strateji əhəmiyyəti qeyd olunub, regional və
beynəlxalq ticarət həcminin daha da artmasına, hər üç ölkənin tranzit
imkanlarının genişləndirilməsinə, eləcə də gömrük prosedurlarının
sadələşdirilməsinə əlavə imkanlar yaradacağı bildirilib.
Üçtərəfli görüşün nəticəsi olaraq yekun protokol imzalanıb.
İclas çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türkiyə
Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak və Gürcüstan Maliyyə
Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava ilə ayrılıqda ikitərəfli
görüşlər də keçirib. Hər iki görüşdə ikitərəfli əsasda mövcud olan
münasibətlərə dair fikir mübadiləsi aparılıb və gələcək inkişaf perspektivləri
ətrafında müzakirələr edilib.
Eyni zamanda, yeni kompüterləşdirilmiş tranzit sistemi, sərhədlərin birgə
idarəolunması, dəmiryolu daşımalarında məlumat mübadiləsi, səlahiyyətli
iqtisadi operatorlar və digər məsələlər müzakirə olunub, Azərbaycan gömrüyünün
Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) layihəsi ilə bağlı məlumat
verilib.