“Azərbaycan həmişə mədəni və tarixi irsə çox böyük hörmətlə yanaşıb” – ŞƏRH +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xankəndidə separatçıların tikdikləri binalar sökülür. Bunlardan biri “Artsaxı
azad etmiş döyüşçülər ittifaqı”nın binasıdır. Zirzəmi, yarımzirzəmi və mezonin
mərtəbədən ibarət binanın ümumi sahəsi 1 886 kvadratmetrdir, yuxarıdan baxdıqda
xaç işarəsini xatırladır. Binanın adı üçün seçilən ifadə Azərbaycanın tarixi və
suveren ərazilərinin adlarını təhrif edir, elə tikilmə forması da təxribatdır.
Xankəndi şəhərindəki mərkəzi meydandakı binanın açılışı 9 may 2013-cü il
tarixində baş tutub. Mərasimdə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan
və vaxtı ilə mövcud olmuş qondarma rejimin “rəhbəri” Bako Saakyan iştirak
ediblər.
İkinci separatizm simvolu vaxtı ilə mövcud olmuş qondarma rejimin “parlament”
binasıdır. Ümumi sahəsi 1 350 kvadratmetr olan binanın açılışı separatçı
rejimin elan olunmasının 16-cı ildönümü günü – 2 sentyabr 2007-ci ildə olub.
Mərasimdə iştirak edən Ermənistan parlamentinin ozamankı spikeri Tiqran
Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən
növbəti sübut” və “gözəl hadisə” adlandırıb.
Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlama verən Milli Məclisin deputatı Aydın
Hüseynovun sözlərinə görə, Azərbaycan dövləti öz suverən ərazisində istədiyi
abadlıq və quruculuq işlərini həyata keçirə bilər:
“Bu Azərbaycanın suveren hüququdur. Məlumdur ki, Xankəndi Azərbaycanın qədim,
əzəli şəhəridir. Xankəndinin tarixi məlumdur. Adından da bəllidir ki, bu
yaşayış məntəqəsi Qarabağ xanları tərəfindən salınıb. Ermənilərin isə
Xankəndiyə gəlişinin tarixi də bəllidir. Onların Xankəndidə nə mədəni, nə də
tarixi bir izləri var. Kökləri yoxdur.
Sadəcə olaraq həmin binanın sökülməsi ona görə qıcıqlandırır ki, abidə onlar
üçün əziz məkana çevrilmişdi. Şeytan yuvası olaraq daim həmin binadan
Azərbaycana qarşı illərlə terror, müharibə, iftira yağdırılırdı. Bu gün həmin
binanın sökülməsi bu səbəbdən onları qıcıqlandırır”.
Deputat bildirib ki, Azərbaycan həmişə mədəni və tarixi irsə çox böyük hörmət
ilə yanaşıb:
“Azərbaycan bütövlükdə beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətdir. Mədəni
irs ilə bağlı onların deməyə heç vaxt sözü yoxdur. Ermənilər azərbaycanlıların
həm Qərbi Azərbaycanda, həm də işğal etdikləri ərazilərimizdə mədəni irslərini
dağıtdılar. Vandallıq etdilər. Məscidlərimizi təhqir etdilər. Ancaq Azərbaycan
dövləti tarixi irsə hörmətlə yanaşır. Bu gün Bakı şəhərinin mərkəzində
ermənilərin kilsəsinin olması, bu günə qədər qorunub saxlanılması bir daha
azərbaycanlıların tarixi irsə, mədəniyyətə hörmətlə yanaşdığının nümunəsidir.
Xankəndidə həmin binanın uçurdulması erməniləri məhz şeytan yuvası dağıldığı
üçün qıcıqlandırdı. Başqa səbəb yoxdur”, – deyə A.Hüseynov əlavə edib.
Nəzrin Vahid