Azərbaycan hərbçiləri Aralıq dənizində keçirilən təlimdə iştirak ediblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Aralıq
dənizinin şərqində keçirilən “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə
təlimində iştirak edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimdə axtarış-xilasetmə gəmiləri tərəfindən qəzaya uğramış
sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətin qiymətləndirilməsi,
dalğıclar vasitəsilə heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların
xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Həmçinin qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə
təyyarələrdən lazımi ləvazimatların atılması, dənizə paraşüt atlayışlarının
icra edilməsi ilə heyətin təxliyə olunması üzrə fəaliyyətlər də yüksək
peşəkarlıqla həyata keçirilib.
“Kurtaran – 2024” beynəlxalq təlimində 17 ölkədən 52 nümayəndə iştirak edib.