18a93191-2103-4e92-81dd-0b3d069d26f4..jpg

Azərbaycan hökuməti “həyatın mənbəyi” ilə bağlı SOS siqnalı verir – ŞƏRH

Baxış sayı: 725 dəfə baxılıb.

Azərbaycan hökuməti “həyatın mənbəyi” ilə bağlı SOS siqnalı verir – ŞƏRH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan iqlim dəyişikliyinə, digər qlobal çağırışlara qarşı həssaslıq və
dayanıqlılıq səviyyəsi indeksində 185 ölkə arasında 65-ci yeri tutur.

Notr Dam Qlobal Adaptasiya Təşəbbüsünün son qiymətləndirməsində Azərbaycanın
yeri həmin mövqedə göstərilib. Bu, yaxşı göstəricidir.

Lakin Azərbaycan hökuməti tərəfindən hazırlanan 2024-cü il üçün dövlət büdcə
və icmal layihələrinin təqdimatında bildirilir ki, ölkə iqlim dəyişikliyinin
təsirlərinə yüksək dərəcədə həssas ölkələrdən biridir.

Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, kənd təsərrüfatı, su
resursları, enerji, meşə, turizm, sahilyanı ərazilər Azərbaycanda iqlim
dəyişikliyinə ən həssas sektorlar hesab olunur. Belə ki, yüksək temperatur və
qeyri-sabit yağıntılar əhalinin sağlamlığı üçün təhlükə törətməkdən əlavə,
iqtisadi inkişafın zəifləməsinə gətirib çıxara bilir.

Gələn ilin büdcəsinin layihələrində qeyd olunur ki, Azərbaycanda su
ehtiyatlarının həm mövsümi, həm də məkan baxımından qeyri-bərabər paylanması
səbəbilə su təchizatında bir sıra problemlər yaranıb.

Azərbaycan Respublikasında adambaşına düşən məcmu su ehtiyatları nisbətən
aşağıdır və su təchizatının 70-75%-i Azərbaycan hüdudlarından kənarda yaranan
mənbələrdən qaynaqlanır.

Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla
qeyri-bərabər paylanıb.

Bu barədə “Azərsu” ASC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil
edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır.

BMT-nin son proqnozlarına əsasən, 2050-ci ilə qədər iqlim dəyişikliyi
səbəbindən Azərbaycanda su təchizatı 23 faiz azalacaq.

Eyni zamanda, Azərbaycan Respublikasının 2040-cı ilə qədər quraqlıqla
üzləşəcək ölkələrin siyahısında ilk 20-likdə yer alacağı proqnozlaşdırılır.

Sözügedən hesabata əsasən, optimist ssenari üzrə Azərbaycanın su
ehtiyatlarının miqdarı (transsərhəd su ehtiyatları ilə birlikdə) 2040-cı ildə
5-10%, 2070-ci ildə isə 10-15% və pessimist ssenari üzrə cari dəyərlərlə
müqayisədə 2040-cı ildə 10-15%, 2070-ci ildə isə 15-25% azalacaq.

Amma problem təkcə bir regionu əhatə etmir. Ümumiyyətlə, dünyada milyardlarla
insan sağlam həyat üçün əsas elementlərdən biri olan təmiz suya adekvat çıxış
əldə edə bilmir.

Qlobal istiləşmə və əhalinin artması səbəbindən problemin daha da pisləşəcəyi
ehtimal olunur.

Ümumiyyətlə, su qıtlığı o zaman baş verir ki, icmalar su ehtiyaclarını ödəyə
bilməkdə çətinlik çəkirlər. Buna iki amil təsir göstərir: Ya təchizat zəifdir,
ya da infrastruktur qeyri-kafidir.

Deməli, problemin təbii mənşələri ilə yanaşı, idarəetmə ilə əlaqəli olan
hissələri də mənbə kimi çıxış edir.

Buradan çıxış etsək, deyə bilərik ki, Azərbaycan hökumətinin qarşısında mövcud
infrastrukturu təkmilləşdirmək, təchizatı gücləndirmək və infrastrukturu ən üst
səviyyəyə çatdırmaq kimi çağırışlar dayanır.

Mövcud problemlərin həlli sürətlənməsə, gələcəkdə daha böyük fəsadlar yaranar
və Azərbaycan da su stresi ilə üzləşə bilər.

Su stresi o zaman yaranır ki, müəyyən bir ərazidə təhlükəsiz, istifadə edilən
bilən suya tələbat öz normasını aşır.

Bildirək ki, dünya şirin suyunun əksəriyyəti, təqribən 70 faizi kənd
təsərrüfatı üçün istifadə olunur. Qalan hissəsi isə içməli su daxil olmaqla
sənaye (19 faiz) və məişət (11 faiz) arasında bölünür.

Yarana biləcək su qıtlığının təbii mənşəli aspektləri bu statistikada aydın
görünür. Lakin Azərbaycanın müvafiq qurumları su qıtlığının fiziki qıtlıq,
yerli ekoloji şəraitə görə su çatışmazlığı səviyyəsinə çatmaması üçün xeyli
işlər görməlidir. Yoxsa qeyri-adekvat su infrastrukturu kənd təsərrüfatı
sahəsinə, məhsuldarlığa zərbə vura və nəhayətdə iqtisadi problemlərə yol aça
bilər.

Aqşin Kərimov

Source link