01a9c365-026f-444a-a18c-69980fed09ef..jpg

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar – İKİNCİ HİSSƏ + FOTO

Baxış sayı: 929 dəfə baxılıb.

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və
sevincli anlar – İKİNCİ HİSSƏ + FOTO

Başa çatmaqda olan 2022-ci il Azərbaycan idmanı üçün bir sıra önəmli
hadisələrlə yadda qalıb.

İl ərzində idmançılar dünya və Avropa çempionatlarında, eyni zamanda, nüfuzlu
beynəlxalq turnirlərdə qüvvələrini sınayıblar.

“Report” bu dəfə ilin ikinci altı ayında ölkə idmanı üçün yaddaqalan yarışları
təqdim edir.

Əvvəli burada .

İyul – Yeniyetmə və gənclərin üstünlüyü

İlin ikinci yarısı güləşçilər üçün olduqca hərəkətli başlayıb. İyulda 15, 17
və 20 yaşadək pəhləvanlar mötəbər turnirlərdə yarışıblar. Xorvatiyada U-15-lər
arasında keçirilən Avropa çempionatında yunan-Roma güləşi yığması 12 medalla (4
qızıl, 3 gümüş, 5 bürünc) komanda hesabında Avropa çempionu, sərbəst güləşçilər
isə 4 qızıl, 1 gümüş, 3 bürünclə qitə ikincisi olublar. İtaliyadakı U-17-lərin
dünya çempionatında yunan-Roma güləşi üzrə milli 7 medal (3 gümüş, 4 bürünc)
qazanaraq, son 10 ilin rekorduna imza atıb. Sərbəst güləşçilərin medal sayı isə
5 (2 qızıl, 1 gümüş, 2 bürünc) olub. Yunan-Roma güləşçiləri komanda hesabında
dünya ikincisi, sərbəst güləşçilər isə üçüncüsü olmağı bacarıblar. İtaliyanın
paytaxtı Romada U-20 Avropa çempionatında isə yunan-Roma güləşi üzrə Azərbaycan
yığması 2 qızıl, 1 gümüş, 2 bürünc, sərbəst güləşçilər 1 qızıl, 1 gümüş, 1
bürünc, qızlar isə 2 qızıl, 2 bürünc medalla yadda qalıblar.

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatında
da Azərbaycan seçməsi 4 qızıl medalla qitə çempionu adına layiq görülüb.

Yeniyetmə taekvondoçuların Bolqarıstandakı dünya çempionatında Azərbaycan
millisi 1 qızıl, 3 bürünc medalla diqqət çəkib.

Basketbolçu gənclər üçün də 2022-ci il yaddaqalan olub. Çünki U-18 yığması
Avropa çempionatının C Divizionunda 3-cü yeri tutaraq, bürünc medala yiyələnib.

Cüdo yığması Macarıstandakı Böyük Dəbilqədə bir dəst medalı aktivinə yazdırıb.
Budapeştdə Hidayət Heydərov (73 kq) 1-ci, Səid Mollayi (81 kq) 2-ci, Rüstəm
Orucov (73 kq) 3-cü yeri tutub. Mollayi Xorvatiyada baş tutan Qran-pridə də
eyni nəticəni göstərib.

Rumıniyadakı cüdo üzrə Açıq Avropa turnirində Azərbaycan millisi 3 qızıl, 3
bürünc medalla 1-ci yeri tutub.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil
edilən İddiaçılar Turnirini üçüncü yerdə tamamlayıb.

Üzgüçü Ramil Vəlizadə Azərbaycan tarixinə düşməyi bacarıb. 18 yaşlı idmançı
Rumıniyada keçirilən gənclərin Avropa çempionatında üçüncü yeri tutub. Bu,
Azərbaycan üzgüçülərinin qitə çempionatları tarixində ilk medal olub.

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə (91 kq) iyulda ABŞ-da keçirilən XI
Dünya Oyunlarında qızıl medal qazanıb.

2022-ci ildə medal kolleksiyasını xeyli zənginləşdirən qılıncoynadan Anna
Başta Misirin paytaxtı Qahirədəki dünya çempionatında qadın sablyaçıların şəxsi
yarışında ikinci yerə layiq görülüb.

Avqust – Medallarla məhsuldar ay

Avqust medalların Azərbaycana axın etdiyi ay kimi əlamətdar olub. Türkiyənin
Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında idmançılar 99 dəfə
fəxri kürsüyə qalxıblar. Komanda hesabında 4-cü olan Azərbaycan yığması
medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5
qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2
qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1
qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc),
atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük
(1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı
(1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş),
karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü
tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.

Gənclər də böyüklərdən geri qalmayıblar. Bolqarıstanın paytaxtı Sofiyadakı
U-20 dünya çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura
imza atıb. Yığma məsul yarışda 10 çəkinin 8-də təmsil olunmasına baxmayaraq,
komanda hesabında dünya ikincisi olub. Pəhləvanlarımız 3 qızıl, 2 bürünclə
yadda qalıblar.

Ağırlıqqaldıran Ravin Alməmmədov da Polşada keçirilən 15 və 17 yaşlı
yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. Turan Əliyev isə 1
gümüş, 2 bürünclə diqqət çəkib.

Həmçinin, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında
keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan millisi komanda hesabında
gümüş medal qazanaraq, məhsuldarlığa töhfə verib.

Əvəzində şahmatçılarımız Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat
Olimpiadasında uğursuz nəticə göstəriblər. Kişilər yarışı 7-ci, qadınlar isə
8-ci sırada tamamlayıblar. Bunun fonunda Çexiyanın paytaxtı Praqadakı Avropa
çempionatında qadın şahmatçılar tarixi uğur əldə ediblər. Günay Məmmədzadə
gümüş, Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.

Sentyabr – Şuşada qızıl, 5 illik həsrətə son

Azərbaycan idmanı üçün ən böyük hadisələrdən biri sentyabrda Şuşada baş tutan
ilk beynəlxalq şahmat turniri olub. Kişilərin yarışında 26 xal toplayan
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turniri qalib kimi tamamlayıb. O,
bir neçə gün sonra ABŞ-da iştirak etdiyi “Sinkfild Kuboku” turnirində eyni
uğuru təkrarlaya bilməyib. Qrossmeyster “Champions Showdown-2022”ni 3-cü
pillədə bitirib. 18 yaşlı qızların Rumıniyadakı dünya birinciliyində ikinci
yeri tutan Ayan Allahverdiyeva 2013-cü ildən bəri bu yarışda medal qazanan ilk
gənc şahmatçı olub.

Gənc cüdoçular Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında komanda
hesabında üçüncü yeri tutublar. Milli 3 qızıl, 1 gümüş, 2 bürünc medalla bunu
bacarıb. Əsas milli isə İtaliyadakı Açıq Avropa turnirində 6 medal qazanıb.
Yarışa yollanan 13 idmançıdan 1-i qızıl, 3-ü gümüş, 2-si bürünclə Vətənə dönüb.
Yeganə qızılı 100 kq çəki dərəcəsində Zelim Kotsoyev əldə edib. Azərbaycan
yığması komandaların sıralamasında 2-ci yeri tutub.

Gənc taekvondoçular Albaniyadakı U-21 Avropa çempionatında medal həsrətinə son
qoyublar. Yığma Tiranadan bir dəst medalla qayıdıb. Bununla taekvondo yığması 5
ildən sonra qitə birinciliyində aktivinə medal yazdıra bilib.

Güləş yığması Serbiyada dünya çempionatında qüvvəsini sınayıb. Sərbəst
güləşçilər 2 bürünclə kifayətləniblərsə, yunan-Roma güləşində pəhləvanlarımızın
çıxışı nisbətən uğurlu alınıb. Belqradda Eldəniz Əzizli (55 kq) dünya
çempionluğunu əldə edib, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq),
Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.
Yunan-Roma güləşi üzdə Azərbaycan millisi komanda hesabında ikinci olub.

Karateçilər üçün də sentyabr yaddaqalan olub. Çünki yığma Çexiyanın Pardubitse
şəhərində Dünya Şotokan Federsiyasının (WSF) 12-ci dünya çempionatında 14
qızıl, 7 gümüş, 3 bürünc medal qazanıb. Ayxan Mamayev və Elməddin Səlimli
qatıldığı dörd versiyanın hər birində qalib olmaqla “Grand Winner” mükafatına
layiq görülüblər.

Azərbaycanın beş MMA döyüşçüsü Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa
çempionatını medalla bitirib. Yusif Əliyev (56 kq) qitə çempionu olubsa, Fərman
Həsənov (83 kq) gümüş, Nicat Xankişiyev (56 kq), Tahirə Babayeva (61 kq) və
İmran Abbasquliyev (70 kq) bürünc medallara sahib çıxıblar.

Serbiyanın Novi Sad şəhərində baş tutan kişilərin idman və döyüş sambosu üzrə
Avropa çempionatında Azərbaycan idmançıları 2 gümüş, 2 bürünc medalla diqqət
çəkiblər.

İdmançılarımızın sentyabrdakı uğurları bununla bitməyib. Azərbaycanın bədii
gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanda keçirilən dünya
çempionatında bürünc medal qazanıb. Bu, Azərbaycanın gimnastika tarixində qrup
hərəkətləri komandasının dünya çempionatında qazandığı ilk nailiyyət olub.

Atıcı Ruslan Lunyov Polşanın Vrotslav şəhərində baş tutan Avropa çempionatında
25 metr məsafədən atəşaçmada qızıl medala layiq görülüb.

Komanda idman növlərində bu dəfə qadın voleybolçular azarkeşləri
sevindiriblər. Milli Avropa çempionatının seçmə qrup mərhələsindəki son
oyununda Avstriyanı məğlub edərək, ardıcıl 10-cu dəfə final mərhələsinə vəsiqə
qazanıb.

Oktyabr – Dünya və Avropa çempionları

Oktyabrda ən yaddaqalan uğur şahmatçıların aktivinə yazılıb. İtaliyada 20
yaşadək qrossmeysterlər arasında keçirilən dünya çempionatında Azərbaycanın iki
təmsilçisi hamıdan zəkalı olub. Gövhər Beydullayeva qadınların, Abdulla
Qədimbəyli isə kişilərin yarışında dünya çempionluğunu qazanıb. Gövhər bu yaş
qrupunda dünya birincisi olan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.
Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov isə qatıldığı “Meltwater
Champions Chess Tour” turnirində 2-ci yeri tutub. Həmçinin, oktyabrda
Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası təşkil edilib. Azərbaycan
komandası yarışda 3-cü yerə layiq görülüb.

20 və 23 yaşadək ağırlıqqaldıranlar Albaniyada baş tutan Avropa birinciliyini
9 medalla (3 qızıl, 4 gümüş və 2 bürünc) başa vurublar.

Yeniyetmə və gənc karateçilər də digərlərindən geri qalmayıblar. Türkiyənin
Konya şəhərindəki dünya çempionatında idmançılar 1 qızıl, 2 bürünc medal əldə
ediblər.

Azərbaycanın güləş üzrə U-23 yığmaları isə İspaniyada baş tutan dünya
çempionatında ümidləri doğrultmayıblar. Çünki sərbəst, yunan-Roma və
qadınlardan ibarət komandalar ümumilikdə 1 qızıl, 4 gümüş, 2 bürünclə
kifayətləniblər.

Yeniyetmə boksçular da İtaliyada keçirilən Avropa çempionatını 5 medalla başa
vurublar. Məhəmmədəli Qasımzadə (57 kq) ikinci dəfə qitə çempionu tituluna
yiyələnib. Onunla bərabər Emili Rzayeva (70 kq) də fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb. Boksçularımız yarışda daha 2 gümüş və 1 bürünc medal əldə
ediblər. Bununla Azərbaycan yığması qitə birinciliyində 3 ildən sonra qızıl, 6
ildən sonra isə 5 medal qazanıb. Qadın boksçular arasında Monteneqroda
keçirilən Avropa çempionatında isə milli cəmi 1 gümüş, 1 bürünc medalla yadda
qalıb.

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı da Azərbaycan
cüdoçularına düşməyib. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq)
bürüncü mundialda yığmanın öyünə biləcəyi medallar olub. Təsadüfi deyil ki,
milli komanda hesabında 17-ci yerdə qərarlaşıb.

Bu uğursuzluqları kikboksçular unutdurub. Kikboksinq üzrə yeniyetmə və
gənclərdən ibarət milli İtaliyadakı dünya çempionatında tarixi uğura imza atıb.
38 idmançı ilə yarışa yollanan millinin 20 üzvü (7 qızıl, 6 gümüş, 7 bürünc
medal) fəxri kürsüyə qalxmağı bacarıb.

İspaniyanın San Sebastian şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə
Avropa çempionatında Azərbaycan təmsilçisi Diana Dimçenko 4000 metr məsafəyə
yürüşdə hamını qabaqlayaraq, qızıl medal qazanıb. O, bunu bacaran ilk
Azərbaycan idmançısı olub. Dimçenko bir neçə gün sonra da Uelsdə dünya
çempionatına qatılıb və bu dəfə gümüş mükafata sahib çıxıb.

Azərbaycanlı atıcı Nigar Nəsirova da atıcılıq idmanı tarixinə düşəcək qələbə
əldə edib. O, Misirin Qahirə şəhərində baş tutan dünya çempionatında 3-cü yeri
tutub. Nəsirova 20 ildən sonra dünya çempionatının bu idman növündə medal
qazanan ilk atıcı olub.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban isə
Rumıniya Super Kubokunu qazanıb.

Noyabr – 15 ilin rekordu

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi noyabrda Maltanın
paytaxtı Vallettada keçirilən Avropa çempionatında tarixi uğura imza atıb.
Yığma yarışı 3 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub ki, bu göstərici
Azərbaycan taekvondo tarixində son 15 ilin rekordudur. Milli 8 medalla həm
oğlanların, həm də ümumu komanda hesabında qitənin 3-cüsü olub.

Bolqarıstanda batut və tamblinq üzrə dünya yaş qrupları yarışında da
Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər. Sofiyaya 12 idmançı ilə yollanan
komanda turniri 1 qızıl, 2 gümüş, 2 bürünc medalla tərk edib.

Kikboksçular Türkiyənin Antalya şəhərindəki Avropa çempionatında 17 medal
qazanıblar. Bunlardan 4-ü qızıl, 5-i gümüş, 8-i bürüncdür.

Taekvondoçular isə Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya
çempionatını cəmi bir bürünc medalla başa vurublar. Yarışa 8 idmançı ilə
qatılan komandada yalnız Cavad Ağayev fərqlənib. Böyüklərdən fərqli olaraq, iki
yeniyetmə taekvondoçu Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq)
Rumıniyadakı Avropa birinciliyinin çempionu olublar.

Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda
yarışlarında qızıl medal qazanıb. Yığma finalda Türkiyə üzərində qələbə qazanıb.

Noyabrda da Bakıda mötəbər yarışlar təşkil olunub. Yunan-Roma güləşi üzrə
Azərbaycan millisi doğma arenada keçirilən Dünya Kubokunda komanda hesabında
ikinci yeri tutub. Cüdoçular isə paytaxtda Böyük Dəbilqədə qüvvələrini
sınayıblar. Yığmanın heyətində Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73
kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev qızıl, Kəramət Hüseynovla (60 kq)
və Orxan Səfərov (66 kq) bürünc medal əldə ediblər. Yığma ümumi medal
sıralamasında birinci olub.

Komanda idman növlərində isə “Qarabağ” futbol klubu Avropa Liqasının qrup
mərhələsindəki çıxışını yekunlaşdırıb. Yer aldığı qrupda 3-cü yeri tutan Ağdam
təmsilçisi ardıcıl ikinci mövsüm UEFA Konfrans Liqasının pley-offunda iştirak
hüququ əldə edib.

Şahmatçılar bu dəfə ümidləri doğrultmayıblar. Azərbaycan millisi İsraildə
təşkil olunan komandalararası dünya çempionatının 1/4 final mərhələsində
mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarov isə “Meltwater Champions Chess
Tour” seriyasında iştirak edən 8 qrossmeyster arasında 7-ci yeri tutub.

Dekabr – Yeganə uğur Bakıda qazanılıb

İlin son ayında daxili birinciliklər və müxtəlif beynəlxalq turnirlər üstünlük
təşkil edib. Bakıda baş tutan “Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq
şahmat turnirində Azərbaycan təmsilçilərindən Rauf Məmmədov və Şəhriyar
Məmmədyarov müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Azərbaycan idmançılarının bu ay qatıldığı ən böyük yarış ABŞ-da təşkil olunan
güləş üzrə Dünya Kuboku olub. Milli turnirdə cəmi 2 pəhləvanla mübarizə aparıb
ki, onlardan sərbəst güləşçi Osman Nurmaqomedov bürünc medala yiyələnib.
Qazaxıstanda da qazax güləşi üzrə U-17, U-20 və böyüklər arasında dünya
birinciliyi və çempionatı olub. Yarışa 4 nəfərlə qatılan Azərbaycan
təmsilçiləri 1 gümüş, 3 bürünclə öyünə biliblər.

İlboyu qatıldığı böyük turnirlərdə medalları sıralayan qılıncoynadan Anna
Başta Fransada keçirilən sablya növü üzrə Qran-pridə bu dəfə 5-ci yerlə
kifayətlənib.

Azərbaycanın voleybol klubları da Çağırış Kubokunda iştirak ediblər.
Qadınlardan ibarət “Azərreyl” komandası 1/16 finalda, kişilərdən ibarət “Murov”
klubu isə 1/8 finalda mübarizəni dayandırıb.

Source link