abefa37f-52be-4a3d-8dbf-6f6beaa49151..jpg

Azərbaycan ilə əməkdaşlıqdakı sirr: İki güc birləşir

Baxış sayı: 750 dəfə baxılıb.

Azərbaycan ilə əməkdaşlıqdakı sirr: İki güc birləşir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin
Zayed Əl Nəhyan Azərbaycanda səfərdə olub, Bakıda dövlət başçısıİlham Əliyevlə
görüşüb.

BƏƏ Prezidentinin Azərbaycana ilk səfəri rəsmi Bakının genişlənən xarici
siyasəti fonunda diqqət çəkir. Bu siyasətin istiqamətlərində Körfəz ölkələri
ilə əməkdaşlıqda diqqət çəkən perspektiv layihələrin işlənib-hazırlanması
prosesi də yer alır.

Bu mənada BƏƏ Prezidentinin Azərbaycana səfərinin hansı nəticələrə
hədəfləndiyini təyin edən izlərə düşərkən ikitərəfli münasibətlərin strateji
məqsədlərdəki yerinə diqqət etmək faydalıdır.

“Kaspi”

qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

İki regional güc

Şiddətlənən beynəlxalq və regional siyasi qütbləşmələr fonunda Azərbaycan və
BƏƏ yerləşdiyi müvafiq regionlarda öz profillərini qaldırmağı bacarıblar.

Qütbləşmə arasında sıxılan və çətin seçimlər qarşısında qalan dövlətlərdən
fərqli olaraq, Azərbaycan və BƏƏ toqquşmaların təsirlərindən sığortalanmaq üçün
strateji müdafiə siyasətinə malikdir.

Deməli, ilk olaraq bu amil nəzərdə saxlanılmalıdır – Cənubi Qafqazın oyunçusu
Azərbaycanla Körfəz ölkələrinin aktoru BƏƏ “eyni cəbhədə” birləşir. Bu birlik
modeli daha geniş regional münaqişələrdən sığortalanmaq üçün iqtisadi-ticari
platformaların inkişaf etdirilməsi potensiallarını yoxlamağa xidmət edir.
BƏƏ-nin strateji tutumu ilə bağlı ümumi mənzərəni ifadə edəcək təsvirlər
verdikdən sonra Azərbaycanla əlaqələrin dinamikasında hansı irəliləyişlər ola
biləcəyi aydınlaşa bilər.

BƏƏ-nin qlobal səhnədəki təsir gücü

Belə ki, BƏƏ çoxşaxəli qlobal mənzərədə inkişaf etmək qabiliyyətinə görə
diqqət çəkir. Ölkənin Afrika, Asiya və Avropanın kəsişməsində yerləşən strateji
coğrafi mövqeyi ona mühüm ticarət mərkəzi kimi özünü göstərməyə imkan verib.
BƏƏ yaxşı iqtisadi idarəçiliyə və texnokratiyaya üstünlük verərək, öz rolunu
daha da möhkəmləndirir.

BƏƏ əhalisinin az olmasına baxmayaraq, zəngin neft ehtiyatlarına görə
əhəmiyyətli təsir gücünə malikdir. Nüfuzlu “The Economist” nəşrinin qənaətincə,
bu sərvət ölkəyə qlobal səhnəyə ölçüsündən daha böyük təsir göstərməyə imkan
verir. Ancaq BƏƏ-nin geosiyasi mövqeyi mürəkkəbdir, siyasi və iqtisadi bölgülər
içərisindədir. Ölkə ABŞ ilə sıx müttəfiqliyini qoruyub saxlasa da, daha çox
Çinlə ticarətə arxalanır. Bununla belə, BƏƏ Yaxın Şərqdə davam edən münaqişələr
və qlobal güc mübarizələrinə rəğmən çiçəklənməyə davam edir.

Azərbaycan ilə əməkdaşlıqdakı sirr

BƏƏ Prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında enerji
tərəfdaşlığını gücləndirən sənədlərin imzalanması xüsusi əhəmiyyət kəsb edir.

Beləliklə, BƏƏ Azərbaycanın dünya siyasi-iqtisadi səhnəsinə yeni elementlərlə
daxil olması imkanlarını gücləndirəcək investisiyaların həcmini genişləndirir.
Bu, Azərbaycanın güc mərkəzləri arasındakı manevrlərini genişləndirən “yaşıl
enerji” potensialına böyük töhfə kimi başa düşülməlidir. Səfər zamanı enerji
sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya
əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkənin inkişafını, texniki bilik
və təcrübə mübadiləsini nəzərdə tutan sənədlərin imzalanması belə deməyə əsas
verir.

Hər iki ölkə güclərini və potensiallarını eyni ip üzərinə çıxararaq suverenlik
prinsiplərini müdafiə edəcək qarşılıqlı mexanizmləri ərsəyə gətirməyi
hədəfləyir. Bu, qarşılıqlı milli və regional maraqlara əsaslanan çoxsaylı
əlaqələr qura bilmək qabiliyyətlərini inkişaf etdirəcək və qloballaşmanın
formatlanmasındakı güclü yerini müəyyənləşdirəcək.

Deməli, Azərbaycanla BƏƏ dünya və regional nizamda ikitərəfli münasibətlərin
ağırlıq mərkəzini iqtisadi-energetika sahəsində yaradaraq gələcək strateji
niyyətləri formalaşdırırlar.

“Zəngəzur”a töhfə

Bu nöqtədə yaxınmüddətli və uzunmüddətli strateji konturları cızacaq Zəngəzur
dəhlizi layihəsinə BƏƏ-nin hansı formada dəstək verəcəyi məsələsi gündəmə
gəlir. Düzdür, bununla əlaqədar BƏƏ-dən konkret bəyanatlar səslənmir, lakin onu
göstərəcək başqa ipuclarını Körfəz ölkəsinin diqqət yetirdiyi kursda tapmaq
olar. BƏƏ-nin iqtisadi və diplomatik fəaliyyəti iqtisadiyyatlar arasında
ticarətin regiondan maneəsiz şəkildə keçməsinə imkan verən dəhlizlərin
inkişafına əsaslanır. Zəngəzur dəhlizi Azərbaycanın Mərkəzi Asiya ilə
əlaqələrində yüksək dinamikanı əbədiləşdirən faktora çevrilir ki, bu da BƏƏ-nin
maraqları kontekstində qiymətlidir. “Gulf State Analytics”in yazdığına görə,
BƏƏ onun strateji baxışlarına uyğun gələn geosiyasi və geoiqtisadi məqsədlərə
nail olmaq strategiyalarına əsaslanaraq, özünü Mərkəzi Asiyanın gələcəyinə
yerləşdirmək üçün fürsət axtarır. Bu məqsədlərə Xəzər dənizində inkişaf etməkdə
olan infrastruktur dəhlizlərinə, limanlara investisiyalar qoymaqla çatmağa
çalışır. Əsasən də Qazaxıstan və Türkmənistanda. BƏƏ-nin Türk Dövlətləri
Təşkilatında təmsil olunan Qazaxıstan və Türkmənistana (müşahidəçi qismindədir)
diqqət yetirməsi onun maraqlarını Azərbaycana doğru da itələyərək nəhəng
geosiyasi məna kəsb edir.

Source link