Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə
səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə Mərakeşdə işgüzar
səfərdədir.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov mərakeşli həmkarı ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri “Mərakeş Aviaşou 2024” sərgisinə
dəvətə görə həmkarına təşəkkür edib.
Görüşdə Azərbaycan ilə Mərakeş arasında hərbi, hərbi-texniki əlaqələrin
inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan Hökuməti adından müdafiə naziri mərakeşli həmkarı
ilə “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında
müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”ini imzalayıb.