Azərbaycan incəsənət ustaları Tbilisidə keçirilən Barokko festivalında iştirak
ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan incəsənət ustaları Tbilisidə keçirilən Barokko festivalında iştirak
ediblər.
“Report” xəbər verir ki, Əməkdar artist Əyyub Quliyev festival çərçivəsində
Şota Rustaveli adına Tbilisi Dövlət Dram Teatrının kiçik zalında keçirilən
konsertdə Gürcüstan Dövlət Kamera Orkestrinə dirijorluq edib.
Konsertdə Azərbaycanın əməkdar artistləri İlham Nəzərov və Fəridə Məmmədova da
çıxış ediblər. Onlar dünya bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan
musiqiçilərinin çıxışları alqışlarla qarşılanıb.
Musiqişünas, skiripka ifaçısı Mariam Xaritonaşvili deyib ki, festival
çərçivəsində təşkil olunmuş konsertdə Azərbaycanın opera müğənnilərinin
iştirakı çox mühüm və sevindirici hadisədir: “Biz qardaş və dost ölkələrik.
Tbilisidə təşkil olunan konsert və festivallarda azərbaycanlı incəsənət
ustalarının çıxışları artıq ənənəvi hal alıb. Bu, bizim mədəni əlaqələrimizin
yüksək səviyyədə olmasının göstəricisidir. Düşünürəm ki, Tbilisidə
azərbaycanlı, Azərbaycanda isə gürcü müğənnilərin iştirakı ilə konsertlərin
təşkili bizim dostluğumuzu daha da möhkəmləndirir və inkişaf etdirir”.
Azərbaycanın əməkdar artisti İlham Nəzərov isə açıqlamasında bildirib ki, bu
cür beynəlxalq tədbirlər mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.
Əməkdar artist Fəridə Məmmədova isə gənclik illərinin Tbilisidə keçdiyini,
məşhur musiqiçi Nodar Quadzedən vokal dərsləri aldığını vurğulayıb.
Konserti azərbaycanlı və gürcü musiqisevərlər, Azərbaycanın Gürcüstandakı
səfirliyinin əməkdaşları, diplomatik korpusun nümayəndələri izləyiblər.