Azərbaycan-İran sərhədində növbəti insident: Pozuculardan biri
zərərsizləşdirildi
Aprelin 7-də saat 21:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd
Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi
yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 3 nəfər naməlum şəxsin
İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti
müşahidə olunub, sərhəd pozucularının hərəkəti nəzarətə götürülüb.
Bu barədə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam
qapadılaraq sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadının “Dayan”
əmrinə və havaya xəbərdarlıq atəşinə məhəl qoymayan sərhəd pozucuları sərhəd
naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin qəsdən öldürülməsinə
cəhd ediblər.
Sərhəd naryadı tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq
silah tətbiq edilib, sərhəd pozucularından biri zərərsizləşdirilib, digəri
saxlanılıb, 1 nəfər isə havanın qaranlıq şəraitindən istifadə edib sərhəd
naryadına qarşı silahlı müqavimət göstərməklə gizlənib. Hazırda onun
saxlanılması istiqamətində axtarış qrupları tərəfindən əməliyyat-axtarış
tədbirləri davam etdirilir.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli “Kalaşnikov”
avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9 915 qram
marixuana, 10 650 qram heroin, 85 qram tiryək, 4 080 qram metamfetamin) və 300
ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.
Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd olaraq
təqdim edib.
Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi
məlumatlandırılıb.
Qeyd edilən faktla bağlı cinayət işi başlanılıb, hazırda Baş Prokurorluq və
DSX tərəfindən birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.