658b7ff1-b444-4fb5-ab77-d674d998da84..jpg

Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib – FOTO

Baxış sayı: 901 dəfə baxılıb.

Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib – FOTO

Fevralın 13-də ADA Universitetində Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA), İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI)
və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM)
təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası və “Nextstep” İnnovasiya Mərkəzinin dəstəyi ilə
Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilib.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslər, müxtəlif təşkilatların,
biznes assosiasiyalarının, ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər
və iş adamları iştirak ediblər.

Forum Azərbaycan və İsrail iş adamları arasında təhsil və kənd təsərrüfatı
sahələrində tətbiq olunan texnologiyalar və innovasiyalar sahəsində təcrübə
mübadiləsi üçün imkan yaradıb.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun, ADA
Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışlarında forumun məqsədi,
Azərbaycan-İsrail əlaqələri, iş adamları arasında innovasiyalar sahəsində
əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.

Tədbir ümumi, təhsil və kənd təsərrüfatı üzrə panel iclaslarla öz işini davam
etdirib. Ümumi paneldə elm və təhsil naziri Emin Əmrullayev, kənd təsərrüfatı
naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov,
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və “Ramat-Negev” Regional
Şurasının rəhbəri Eran Doron Azərbaycan və İsrail arasında münasibətlər,
ölkəmizdə aqrar, təhsil və elm sahələrində son illər ərzində tətbiq edilən
texnologiyalar, müvafiq sahələrdə Azərbaycan-İsrail əməkdaşlığı və bu
sektorlarda əlaqələrin genişləndirilməsi perspektivləri, rəqəmsal iqtisadiyyat,
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və
yenidənqurma işlərində tətbiq olunan müasir yanaşmalar ilə bağlı fikirlərini
bildiriblər.

Gün ərzində davam edəcək təhsil üzrə paneldə ölkəmizdə və İsraildə fəaliyyət
göstərən müxtəlif təhsil müəssisələrinin rəhbərləri, ekspertlər müvafiq
sahədəki çağırışlar, təhsildə innovasiyaların rolu, bu sahəyə investisiya
qoyuluşu, süni intellekt, rəqəmsal platformalar, əməkdaşlıq perspektivləri
barədə müzakirələr aparacaqlar.

Azərbaycan və İsraildən olan dövlət və özəl qurumların nümayəndələrinin
iştirakı ilə keçirilən kənd təsərrüfatı üzrə paneldə isə aqrar sahədə
texnologiyalar, məhsuldarlığın artmasında, torpaq və su resurslarından daha
səmərəli istifadə olunmasında innovasiyaların rolu, bu sahədə Azərbaycan və
İsrail iş adamlarının təcrübə mübadiləsi, aqrar startapçıların innovativ
ideyalarının reallaşması və s. məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Forum çərçivəsində startaplar və iş adamları arasında ikitərəfli görüşlər də
keçiriləcək.

Source link