“Azərbaycan Kanadaya sanksiya tətbiq etmək iqtidarındadır” – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın Kanadaya ehtiyacı yoxdur. Əksinə, Kanada şirkətləri Azərbaycanda
pul qazanırlar. O cümlədən, Asiyadan uran ölkəmizin ərazisi ilə daşıyır. Yeri
gəlsə, Azərbaycan özü Kanadaya sanksiya tətbiq etmək iqtidarındadır”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Kanadanın ermənilərlə bağlı canfəşanlığı, ermənipərəst
mövqeyi bu ölkənin müstəqil siyasətinin olmamasından irəli gəlir:
“Bu, bir daha Kanadanın ABŞ-nin marioneti olduğunu sübut edir. Vaşinqton
Kanada, Litva və bəzi digər proksiləri vasitəsi ilə Azərbaycana təzyiq etməyə
çalışır. Kanadanın xarici işlər naziri Melani Colinin Azərbaycana qarşı əsassız
açıqlamaları və Ermənistanla şərti sərhədimizə gələrək binoklla ərazilərimizə
baxması ona verilmiş sifarişin icrasıdır. O, sərhəddə poza verərək şəkil
çəkdirməklə aldığı sifarişi icra etdiyini dəlillərlə sübut etmək istəyir”.
Deputat vurğulayıb ki, M.Colinin Azərbaycana sanksiya tətbiq ediləcəyini
bildirməsi də gülməlidir:
“Çünki Kanadanın iç üzü 44 günlük Vətən müharibəsi dövründə də üzə çıxmışdı.
Belə ki, Türkiyə Azərbaycana “Bayraktar” pilotsuz uçuş aparatlarını verdiyinə
görə onun detallarının Türkiyəyə satılmasına qadağa qoymuşdu. Bu ölkə indi də
Azərbaycanı “etnik təmizləmə” və “deportasiya”da günahlandırır”.
Milli Məclisin üzvü bildirib ki, Kanadanın özü aborigen xalqları etnik
təmizləməyə məruz qoyaraq onların torpaqlarında dövlət qurub. Bu baxımdan,
etnik təmizləmədən danışmağa ümumiyyətlə haqqı yoxdur:
“Melani Coli regionda baş verdiyi proseslərdən ümumiyyətlə xəbərsizdir və ya
özünü axmaq yerinə qoyaraq ağzına gələni danışır. Elə olmasaydı, Ermənistanın
tələbi ilə Qarabağı könüllü tərk etmiş ermənilərə görə Azərbaycana qarşı
qərəzli yanaşmazdı. Kanada və onun kimi Ermənistana dəstək verən ölkələri
ədalət, insanların hüquqlarının pozulması narahat etsəydi, 30 il qaçqın və
məcburi köçkün həyatı yaşamış bir milyondan çox azərbaycanlının pozulmuş
hüquqları barədə danışardılar.
Bu gün bir ovuc erməniyə görə milyonlarla dollar yardım ayıranlar Ermənistan
tərəfindən etnik təmizləmə və deportasiyaya məruz qalaraq çadırlarda,
vaqonlarda ömür sürmüş azərbaycanlılara yardım göndərməkdən niyə danışmadılar?
Onda belə çıxır ki, müsəlmanların heç bir haqqı yoxdur və onlar əzilməlidirlər?
Qətiyyən belə deyil. Azərbaycan müsəlman ölkəsi olaraq Ermənistana və onun
arxasında dayanaraq xristian həmrəyliyi nümayiş etdirənlərə qalib gəlib. Bundan
sonra da iradəmizi heç kim qıra bilməz. Azərbaycan müstəqil siyasət yürüdür və
heç kimdən asılılığı yoxdur, o cümlədən, ölkəmizə qarşı qərəzlə yanaşanların
cavabını verməyə qadirdir”.