2024-cü ilin 11-13 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov
şəhərində döyüş sənətləri (koşiki karate-do idman növü) üzrə “Avrasiya Kuboku
2024” beynəlxalq festival-turnir keçirilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Şorinciryu Kenkokan Karate-do
Koşiki Karate Federasiyasından məlumat verilib.
Bildirilib ki, adıçəkilən turnirdə kata və kumite növləri üzrə yarışlarda
federasiyanın baş məşqçisi Nazim Mövsümzadənin rəhbərliyi ilə Azərbaycan
Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının 3 məşqçi (Nazim
Mövsümzadə, Sevinc Mövsümzadə, Kənan İsmayılzadə) və 10 idmançıdan ibarət yığma
komandası da iştirak edib və hər zaman olduğu kimi ölkəmizin idman şərəfini
layiqincə qoruyaraq qürurverici nailiyyətlərlə Vətənə qayıdıb.
Qeyd edək ki, Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) və “Bolmart”
supermarketlər şəbəkəsinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyinin və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin
təşkilati dəstəkləri ilə yarışlara qatılaraq uşaq, yeniyetmə və gənclərin
fiziki və mənəvi baxımdan sağlam ruhda tərbiyə olunmalarını təşviq və təbliğ
etdirən bu əhəmiyyətli festival-turnirdə də həmişə olduğu kimi yüksək nəticələr
göstərən idmançılarımız son zamanlar mötəbər beynəlxalq yarışlarda əldə olunan
böyük uğurların, parlaq nailiyyətlərin heç də təsadüfi olmadığını,
federasiyanın yüksələn inkişaf xətti üzrə inamla irəlilədiyini bir daha sübut
ediblər.
Kubok yarışlarında 7 iştirakçı dövlət yer alıb. Rusiya, Azərbaycan, Osetiya,
Özbəkistan, Qazaxıstan, Belarus və Abxaziyadan olan 500-ə yaxın idmançının da
qatıldığı turnirin nəticələrinə əsasən idmançılarımız kata və kumite
yarışlarında 8 qızıl, 4 gümüş və 3 bürünc medal qazanaraq komanda hesabında
1-ci yerə layiq görülüb.
Kata üzrə nəticələr aşağıdakı kimidir:
Xədicə Nazim qızı Mövsümzadə (6-7 yaşlar arasında) – 1-ci yer;
Fuad Əlibala oğlu Salayev (10-11 yaşlar arasında) – 2-ci yer;
Məhəmməd Aydın oğlu Babayev (10-11 yaşlar arasında) – 3-cü yer;
Zeynəb Nazim qızı Mövsümzadə (12-13 yaşlar arasında) – 1-ci yer;
Ramal Arif oğlu Fətullayev (16-17 yaşlar arasında) – 2-ci yer;
Kənan İsmayıl oğlu İsmayılzadə (böyüklər arasında) – 1-ci yer;
Sevinc Nazim qızı Mövsümzadə (böyüklər arasında) – 1-ci yer;
Nazim Gülağa oğlu Mövsümzadə (veteranlar arasında) – 1-ci yer.
Kumite üzrə nəticələr isə belədir:
Xədicə Nazim qızı Mövsümzadə (6-7 yaşlar arasında), -25kq çəki dərəcəsində –
1-ci yer;
Məhəmməd Aydın oğlu Babayev (10-11 yaşlar arasında), -30kq çəki dərəcəsində –
2-ci yer;
Zeynəb Nazim qızı Mövsümzadə (12-13 yaşlar arasında), -45kq çəki dərəcəsində –
3-cü yer;
Xənifə-Amil Ramil oğlu Balayev (12-13 yaşlar arasında), +55kq çəki dərəcəsində
– 3-cü yer;
Teymur Rövşən oğlu Məmmədov (12-13 yaşlar arasında), -45kq çəki dərəcəsində –
1-ci yer;
Kənan İsmayıl oğlu İsmayılzadə (böyüklər arasında), -65kq çəki dərəcəsində –
2-ci yer;
Vüsal Akif oğlu Əliyev (böyüklər arasında), +85kq çəki dərəcəsində – 1-ci yer.
Məlumatda, qeyd olunub ki, dövlətlər arasında idman sahəsində mövcud
əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı üçün komandamızın bu kimi
turnirlərdə iştirakı çox vacibdir və idmançılarımızın beynəlxalq miqyaslı
gələcək yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından mühüm əhəmiyyət
kəsb edir:
“İdmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr
əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə
başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanİlham
Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da
idmançılarımız qalib ölkəmizin idman şərəfini hər zaman layiqincə qoruyaraq
yüksək nailiyyətlər əldə etmək üçün böyük əzmlə çalışacaqlar. Bu arada əlbəttə
idmançılarımızın yarışlara lazımi səviyyədə hazırlığında Azərbaycan Koşiki
Karate-do Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadənin, federasiyanın
prezidenti Rafael Bunyatovun, birinci vitse-prezident Yuri Mustafayevin,
vitse-prezidentlər Vəliyulla Bunyatov və Ənvər Həzərxanovun, habelə yığmanın
baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə
düşər”.
Bundan əlavə federasiya rəhbərliyi adından bu cür mötəbər yarışlarda iştirak
üçün onlara daim köməklik göstərən, diqqət və qayğılarını əsirgəməyən Gənclər
və idman naziri Fərid Qayıbova və “Azərbaycan Karate Federasiyası” İctimai
Birliyinin prezidenti Ülvi Quliyevə təşəkkür edilib, ehtiram bildirilib.
Məlumatda daha sonra deyilir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər sahələrlə yanaşı
idman sahəsinə də misilsiz diqqət və qayğısı onu göstərir ki, ölkəmizdə bütün
idman növləri bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız mötəbər
beynəlxalq yarışlarda davamlı olaraq böyük müvəffəqiyyətlər, inamlı
nailiyyətlər qazanacaqlar”.