Azərbaycan karateçisi: “Avropa çempionatında da mükafatçılar sırasında olmaq
istəyirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın paytaxtı Parisdə təşkil olunan Premyer Liqa turnirində bürünc medal
qazanan Azərbaycan karateçisi Fidan Teymurova bu il Avropa çempionatında da
mükafatçılar sırasında yer almaq istəyir.
Bu barədə “Report”a 24 yaşlı idmançı açıqlamasında bildirib.
50 kq çəki dərəcəsində mübarizə aparan karateçi qitə çempionu ola biləcəyini
söyləyib:
“Böyüklər arasında Premyer Liqada debüt yarışım idi. Medal qazandığım üçün çox
sevinirəm. İştirak etdiyim ilk turnirdə üçüncü oldum. Böyüklər arasında bütün
yarışlar çətin keçir. Bunu bilərək buraya gəlmişdik. Çox yaxşı hazırlaşdığım
üçün özümə inanırdım. Mükafat əldə etməyi qarşıma məqsəd qoymuşdum”.
Teymurova yığmanın aparıcı üzvünə çevrilmək istədiyini vurğulayıb:
“Antalyada da Premyer Liqa olacaq. Daha sonra Avropa çempionatına
yollanacağıq. İlk növbədə bu yarışları qarşımıza məqsəd qoymuşuq”.
Qeyd edək ki, karate üzrə Avropa çempionatı mayın 8-12 aralığında Xorvatiyanın
Zadar şəhərində gerçəkləşəcək.