Rusiyanın “Rossiya 24” telekanalında Kemerovo şəhərindəki “Qış albalısı” ticarət və əyləncə mərkəzində baş vermiş dəhşətli yanğınla bağlı süjet yayımlanıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, süjetdə dünyanın müxtəlif ölkələrində yanğın qurbanlarının xatirəsinin yad edilməsindən bəhs edilib.
Bakı sakinləri də dəhşətli yanğında ölənlərin xatirələrini yad ediblər.
Azərbaycan xalqı adından həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən Birinci vitse-prezident Mehriban Əliyeva hadisə zamanı xəsarət alanlara şəfa arzulayıb.
Mehriban Əliyeva bildirib ki, Azərbaycan xalqı həlak olanların doğmalarının kədərini bölüşür:
“İnanın mənə, bilirəm ki, bütün insanlar kədər içindədirlər. Mən insanlarla çox görüşürəm, hamı bu faciədən danışır. Həqiqətən də, bu dərdi səmimi qəlbdən bölüşürlər.
Həlak olanların yaxınlarının nələr çəkdiyini təsəvvür etmək çətindir. Allah onlara səbir və güc versin”, – Mehriban Əliyeva “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazıb.