Azərbaycanın qadın həndbolçulardan ibarət komandası növbəti mövsümdən Çempionlar Liqasının qrupunda oynaya bilər.
Bunu ÇıxışYolu.Com-a Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov bildirib.
O qeyd edib ki, bu, son üç mövsümə görə Azərbaycanın reytinqinin qalxması ilə bağlıdır:
“Azərbaycanı qadın həndbolunda ötən mövsümün çempionu “Azərsu” və gümüş medalçı “Azəryol”, kişilərdə isə ölkə çempionu “Bakı” təmsil edəcək. “Azərsu” “EHF Cup”da, “Azəryol” və “Bakı” “Challenge Cup”da mübarizə aparacaq.
Komandamızın rəqibləri müvafiq olaraq Polşanın “Zaqlebye”, Türkiyənin “Yeni Mahalle” və Bosniya və Herseqovinanın “Borats” klublarıdır. “Azərsu” bu gün Polşaya yola düşüb və hər iki oyunu Lubin şəhərində keçirəcək.
Son üç – 2015/2016, 2016/2017-ci və 2017/2018 mövsümlərinin nəticələrinə əsasən, qadın həndbolçulardan ibarət millimiz reytinq cədvəlində yeddi pillə irəliləyib. Hazırda XXIII pillədə qərarlaşmışıq. Bu isə növbəti mövsüm ilk dəfə Azərbaycan komandasının Çempionlar Liqasında oynamasına imkan yaradır. Komandamız iştirak etsə, birbaşa qrup mərhələsində mübarizə aparacaq. Bu məsələ mövsümün sonunda dəqiqləşəcək”.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com