29a82c02-d11c-4ac8-8851-51438e220d85..jpg

Azərbaycan klubunun qəzaya düşən idman direktorunun sağlamlıq durumu açıqlandı

Baxış sayı: 1. 016 dəfə baxılıb.

Azərbaycan klubunun qəzaya düşən idman direktorunun sağlamlıq durumu açıqlandı

Futbol üzrə Azərbaycanın I Divizionunda “Şamaxı-2” ilə oyun üçün Şamaxıya
gedərkən qəzaya düşən “Mingəçevir” klubunun idman direktoru Zaur Qarayevin
vəziyyəti yaxşıdır. Öncə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılan, daha
sonra Bakıya göndərilən klub rəsmisinin səhhəti ilə bağlı ciddi problem yoxdur.

“Mingəçevir”in mətbuat xidmətinin rəhbəri Elnur Qasımov Cixisyolu.com saytına
açıqlamasında onun bir həftə həkim nəzarətində qalacağını söylədi:

“Zaur Qarayevin vəziyyəti yaxşıdır. Hazırda reanimasiyada, həkim
nəzarətindədir. Aşağı ətraflarında, çanaq sümüyündə çıxıq var. Bir həftə
nəzarətdə qalacaq. Başqa problem olub-olmadığı müəyyən ediləndən sonra dəqiq
məlumat veriləcək. Bu gün artıq onunla görüşə biləcəyik. Ailəsi ilə də daim
əlaqədəyik. Həkimlərin dediyinə görə, problem yoxdur”.

Xatırladaq ki, dünən saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun
Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes-Benz” markalı avtobusla yük
avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və
avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Avtobusda I Divizionda mübarizə aparan “Mingəçevir” klubunun rəsmiləri və
futbolçuları olublar. Onların arasında yalnız Zaur Qarayev ciddi xəsarət alıb.

Faiq Tahirov

Source link