5acfc529-291c-4c6d-95b2-b9eea0993380..jpg

Azərbaycan könüllüləri Adıyamana gedib, zəlzələdən zərər çəkən uşaqlara dəstək veriblər – FOTO

Baxış sayı: 758 dəfə baxılıb.

Azərbaycan könüllüləri Adıyamana gedib, zəlzələdən zərər çəkən uşaqlara dəstək
veriblər – FOTO

Azərbaycan könüllüləri Türkiyədəki zəlzələdən zərər çəkən uşaqlara dəstək
veriblər.

Bu barədə Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Qeyd olunub ki, böyük dağıntılara və çoxsaylı insan ölümünə səbəb olmuş
zəlzələnin yaratdığı kədəri Türkiyə xalqı ilə birgə yaşayan dövlətimiz və
xalqımız faciənin ilk saatlarından səfərbər olub.

Qardaş ölkə ilə dostluğumuzun və həmrəyliyimizin təcəssümü olaraq
zərərçəkənlərə kömək etmək məqsədilə Türkiyəyə yollanan Azərbaycan könüllüləri
Kahramanmaraş və Hataydan sonra Adıyamana da gedərək fəaliyyət zonasını
genişləndirib, bu ərazilərdə yerli əhali, habelə həssas vəziyyətdəki uşaqlara
dəstək üçün müxtəlif xidmətlər həyata keçiriblər.

Ötən gün ərzində azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə
qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi,
paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində zərərçəkənlərə xidmət
göstəriblər. Həmçinin, könüllülərimiz səhər vaxtı yerli əhaliyə səyyar şəkildə
isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə müvafiq
yardımları çatdırıb, o cümlədən kəndlərə səfər edərək yardımların aparılmasında
fəal şəkildə iştirak ediblər. Həmçinin, zəlzələdən zərər çəkmiş sakinlərin
yaşayışı üçün əlavə çadırlar quraşdırılaraq istifadəyə verilib.

Şübhəsiz ki, təbii fəlakətdən ən çox təsirlənənlər isə bu faciənin kəskin
travmalar buraxdığı uşaqlardır. Zəlzələdən zərərçəkənlərin, xüsusilə də
uşaqların müsbət əhvali-ruhiyyəyə ehtiyacı olduğunu nəzərə alaraq, Azərbaycan
könüllüləri tərəfindən uşaq bağçası kimi yaradılmış üç çadırda xidmət həyata
keçirilib, o cümlədən uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə
müxtəlif oyunlar təşkil ediblər.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü Emrullah Gür
və partiyanın Niğdedən olan millət vəkili Yavuz Ergün könüllülərimizin
düşərgəsinə baş çəkib, onlara minnətdarlığını ifadə edib.

Eyni zamanda, ötən gün ərzində könüllülərimiz tərəfindən Adıyamanda da güclü
dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkmiş əhali üçün çoxsaylı
xidmətlər icra edilib. Azərbaycanlı gənclər yük maşınlarının boşaldılmasında
iştirak edib, qida, paltar, digər yardımın paylanmasını həyata keçiriblər.

Zəlzələdən zərərçəkənlər üçün Adıyamanda salınmış düşərgədə könüllülərimiz
tərəfindən “uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərəcək iki çadır qurulub,
daha bir çadır isə sırf qadınlara psixoloji və digər xidmətləri göstərmək üçün
hazırlanıb.

Source link