406575d3-6f1f-4ce6-b420-bd230280c32f..jpg

Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ

Baxış sayı: 788 dəfə baxılıb.

Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və
çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib
istiqamətlərindən biridir. Macarıstan şimaldan Slovakiya, şimal-şərqdən
Ukrayna, şimal-qərbdən Avstriya, şərqdən Rumıniya, cənubdan Serbiya,
cənub-qərbdən Xorvatiya və qərbdən Sloveniya ilə həmsərhəddir. Təqribən 10
milyon nəfər əhalisi ilə Avropa İttifaqının üzvü olan orta ölçülü dövlətdir.
Ölkənin rəsmi dili Ural dilləri ailəsinə aid olan macar dilidir. Macarıstanın
paytaxtı və ən böyük şəhəri Budapeştdir. Digər böyük şəhərləri isə Debreçen,
Seqed, Mişkolç, Peç və Dyordur.

XXI əsrdə Macarıstan orta güc hesab edilir. Belə ki, Beynəlxalq Valyuta
Fondunun hesablamalarına görə, Macarıstan 191 ölkə arasında ümumi daxili
məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci
pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu
ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab
olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatına üzv ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib
olması ilə seçilir.

2004-cü ildən Avropa İttifaqına üzv olan Macarıstan 2007-ci ildən etibarən
Şengen zonasına daxil edilib. Bu ölkə hazırda BMT, NATO, Dünya Ticarət
Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və
başqa bir çox təşkilatın üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda
incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf
edib. Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab olunur.
2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14,3 milyon turist səyahət edib.
Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə
ev sahibliyi edir. Mərkəzi Avropa regionunda yerləşən ən böyük göl olan Balaton
gölü də buradadır.

AZƏRTAC Mərkəzi Avropada Orta Dunay düzənliyində yerləşən ölkə – Macarıstan
ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə nəzər salır.

Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali
səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və
strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli
inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir.
Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı
tərəfdaşlarından biridir.

İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki,
1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan
Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Keçən il
diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə
Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi
təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək
səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində
Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət
göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın
təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu
vaxtadək iki ölkə arasında imzalanan 50 sənəd müqavilə-hüquq bazasının
möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT,
NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vışeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı
çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə
olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir.
İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə,
habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın
daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21
Macarıstan investisiyalı şirkət, əsasən, kənd təsərrüfatı, nəqliyyat, ticarət,
xidmət sahələrində fəaliyyət göstərir. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ
dolları məbləğində (əsasən, neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1
milyon ABŞ dolları investisiya yatırıb.

İki ölkə arasında əmtəə dövriyyəsinin həcminin qısa zaman kəsiyində
əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının əyani
təsdiqidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət
dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon
ABŞ dolları olub ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.

Azərbaycan ilə Macarıstan arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)

İl

Ticarət dövriyyəsi

İdxal

İxrac

2015

28

28

0,2

2016

41

40

0,9

2017

43

41

1,9

2018

67

66

1,5

2019

36

35

0,7

2020

38,8

37,7

1

Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir. Bu
ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı
marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik
Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur.
2023-cü ilin fevralında Bakıda keçiriləcək CQD-nin Məşvərət Şurasının illik
iclasında Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı
nəzərdə tutulur.

İki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq
uğurla inkişaf etdirilir. Bu məqsədlə, 2022-ci ildə Ələt Azad İqtisadi Zonası
və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa
aviareyslər həyata keçirir.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq
işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərirlər və bununla
bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş
ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq
25 000 avro ianə edib.

Azərbaycanla Macarıstan arasında humanitar sahədə də əməkdaşlıq əlaqələri
inkişaf edir. Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium
Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin
təhsil alması məqsədilə hər il 200 nəfərlik təqaüd ayrılır. Azərbaycan Dillər
Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi, bu il yanvarın 29-da Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyev Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti
əsasında Macarıstana rəsmi səfər edib. Bu səfər Prezident İlham Əliyevin dövlət
başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz
arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı
maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi
məqsədilə Azərbaycan dövlət başçısının bu gün Macarıstan Prezidenti xanım
Katalin Novak və Baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə
görüşləri nəzərdə tutulub.

Dövlətimizin başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji
tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani
göstəricisidir. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması
nəzərdə tutulub. Onların içərisində Azərbaycanın dövlət başçısı və Macarıstanın
baş naziri tərəfindən imzalanacaq Azərbaycan ilə Macarıstan arasında strateji
tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə yer alıb. Bəyannamədə
tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və
regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə
edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində
əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin
Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır. Qeyd edək
ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla
əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt
şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Macarıstanın Baş
naziri Viktor Orban 2018-ci ildəki bəyanatında bildirmişdi ki, macarlar
özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk
köklərinə əsaslanır.

Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə
müzakirə olunacaq mövzular arasındadır. Macarıstan Azərbaycan ilə enerji
sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji
təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir.

Bu səfər göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli
şəkildə yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın
lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına
xüsusi önəm verir. Əminliklə söyləmək olar ki, səfər ikitərəfli əlaqələrə öz
müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.

Xatırladaq ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen
tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu
imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat
həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd, eyni zamanda,
Azərbaycan ilə Aİ arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişaf
etdirilməsini nəzərdə tutur. Həmçinin ötən il dekabrın 17-də Buxarestdə
Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında “yaşıl
enerji” sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu
ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara
dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara Dəniz
Sualtı Elektrik Enerjisi Xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tutur.
Bu layihənin implementasiyası region və Avropa bazarları arasında elektrik
enerjisinin ixracı imkanlarının genişləndirilməsi, eləcə də xüsusən Xəzər
dənizinin Azərbaycan sektorundakı böyük külək enerjisi potensialı sayəsində
Avropanın enerji təhlükəsizliyinin diversifikasiyası baxımından mühüm rol
oynayacaq.

Qeyd edək ki, 2009-cu ildən bəri iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Komissiyanın Azərbaycan
tərəfindən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,
Macarıstan tərəfindən xarici işlər və ticarət naziri Peter Siyartodur.
Komissiyanın indiyədək səkkiz iclası keçirilib. Növbəti iclasın isə yaxın
vaxtlarda Budapeştdə keçirilməsi nəzərdə tutulur.

Source link