Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan milli komandası İrəvanda keçiriləcək sambo üzrə Dünya Kubokunda
iştirak etməyəcək”.
Bu barədə apasport.az-a Azərbaycan Sambo Federasiyasının rəsmisi Yaqub
Abdullayev məlumat verib.
Abdullayevin sözlərinə görə, yarışda iştirakdan imtinanın əsas səbəbi iki ölkə
arasında olan gərginlikdir:
“Daha əvvəl Ermənistanın ev sahibliyi etdiyi digər idman növləri üçün nəzərdə
tutulan yarışlarda idmançılarımızın məruz qaldığı rəftar hər kəsə məlumdur. Bu,
həm motivasiya olaraq idmançılarımıza mənfi təsir edir, həm də təhlükəsizlik
qayğılarını artırır. Ona görə də, federasiya olaraq qərara gəldik ki, İrəvanda
təşkil olunacaq Dünya Kubokuna qatılmayaq”.
Yaqub Abdullayev əsas məqsədlərinin may ayında Serbiyada keçirilməsi nəzərdə
tutulan sambo üzrə Avropa çempionatına hazırlaşmaq olduğunu bildirib:
“Qarşımızda təlim-məşq toplanışı var. Mayda keçiriləcək Avropa çempionatına
qatılmaq üçün hazırlıq prosesi keçəcəyik. Hazırda komanda olaraq fikrimizi buna
yönəltmişik”.
Xatırladaq ki, daha əvvəl Ermənistan Sambo Federasiyasının prezidenti Mikael
Ayrapetyan Azərbaycan və Türkiyənin İrəvanda keçiriləcək Dünya Kubokunda
iştirak etməyəcəyini, bu ölkələrdən iştirak üçün hansısa müraciətin daxil
olmadığını bildirib.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq sambo üzrə Dünya
Kuboku aprelin 4-5-də keçiriləcək.