ff84ebc1-1eb5-41d6-ba98-88906252a7b8..jpg

Azərbaycan millisi üçün De Byazi əngəli – ŞƏRH + FOTO

Baxış sayı: 663 dəfə baxılıb.

Azərbaycan millisi üçün De Byazi əngəli – ŞƏRH + FOTO

Azərbaycanın futbol üzrə milli komandası yenə adət etdiyi yerdən – sonuncu
pillədən “boylanır”. Təəssüf ki, AVRO-2024-ün seçmə mərhələsində keçirdiyimiz 4
oyundan sonra bu acı mənzərə ilə üz-üzəyik. Canni De Byazinin rəhbərlik etdiyi
komanda yer aldığı F qrupunda cəmi 1 xal toplayıb. Onu da özümüzə uyğun rəqib,
daha konkret desək, Estoniya ilə doğma meydanda baş tutan qarşılaşmada əldə
etmişik. Qalan 3 görüşdə isə məğlubiyyətlər qeydə alınıb. Milli səfər
oyunlarında Avstriyaya 1:4, İsveçə 0:5, son olaraq isə “Dalğa Arena”da
Belçikaya 0:1 hesabı ilə uduzub. Vurulan və buraxılan topların fərqi də
ürəkaçan deyil – 2:11.

Hazırda F qrupuna 10 xalla Belçika və Avstriya yığmaları başçılıq edir. Üçüncü
pillədə qərarlaşan İsveçin hesabında 6 xal var. Göründüyü kimi, milli komanda
adına bu seçmə mərhələni də indidən boşa verilmiş hesab edə bilərik. Qrupda
mübarizə yarılanıb, komandalar “ekvator xəttinə” dirəniblər. Yığmanın qalan 4
oyunda boyundan yuxarı tullanacağına, maksimum nəticəyə imza atacağına inanmaq
isə sadəlövhlük olardı.

Əlbəttə, rəqiblərin də gücünü nəzərə almaq lazımdır. Etiraf edək ki, Belçika,
Avstriya və İsveç milliləri daha səviyyəli, potensialı yüksək komandalardır.
Amma bu faktın özü belə, millinin səfər görüşlərində asanlıqla təslim olması
anlamına gəlməməlidir. Onu da unutmayaq ki, son illər dünya futbolunda maraqlı
tendensiyanın şahidi oluruq. Belə ki, qüvvələr nisbəti arasında fərq
yavaş-yavaş “əriyir”. Bunun nəticəsidir ki, “cırtdan” ölkə təmsilçiləri belə
özündən güclü rəqiblərlə qarşılaşmalarda yetərincə inamlı təsir bağışlamaqla
müsbət nəticələrə imza atırlar. Və bu, artıq sensasiya deyil, qanunauyğunluq
kimi qəbul olunur.

Ümumiyyətlə, hər hansı bir ölkənin milli komandasının səviyyəsi iki vacib
detaldan asılıdır. Birincisi, daxili çempionat rəqabətədavamlı, yəni güclü
olmalıdır. İkincisi, ölkə xaricində top qovan yerli futbolçuların sayı
çoxalmalıdır. Azərbaycan futbolu bir neçə il öncəyə qədər hər iki məsələ ilə
bağlı axsayırdısa, hazırda vəziyyət nisbətən fərqlidir. Premyer Liqada
rəqabətin artıdığını artıq böyük əksəriyyət qəbul edir. Ölkə xaricində top
qovan futbolçularımızın sayında da artım var. Sözümüzün təsdiqi olaraq Canni De
Byazinin son oyunlar üçün millinin düşərgəsinə dəvət etdiyi futbolçuların
siyahısına göz gəzdirmək yetərlidir.

Qapıdan başlayaq. Uzun illərdir “Qarabağ”ın formasını geyinən Şahruddin
Məhəmədəliyevin səsi artıq Türkiyə Superliqasından gələcək. Təcrübəli qolkiper
bundan sonra qardaş ölkənin iddialı komandalarından “Adana Dəmirspor”un
uğurları üçün çalışacaq. Müdafiəçilərdən Anton Krivotsyuk Cənubi Koreya
təmsilçisi “Daejon Hana”da sabit çıxış edirsə, Bəxtiyar Həsənalızadə Türkiyənin
1-ci liqa klubu “Tuzlaspor”a yeni keçib. Yarımmüdafiə xəttində yer alan milli
üzvlərindən də legioner həyatı yaşayanlar var. Coşqun Diniyev Türkiyənin 1-ci
liqa klubu “Ümraniyəspor”un, Ozan Can Kökçü isə Niderlandın aşağı liqa klubu
“Eyndhoven”in formasını geyinir.

Milli komandanın hücum xətti daha əzəmətli görünür. Heyətdə yer alanlara
diqqət edək: Mahir Emreli (“Dinamo”, Xorvatiya), Ramil Şeydayev (“Buriram
Yunauyed”, Tayland), Renat Dadaşov (“Hatayspor”, Türkiyə), Musa Qurbanlı
(“Yurqorden”, İsveç). Özü də adı çəkilənlərin hər biri elita klublarının
şərəfini qoruyurlar. Amma bunun fonunda yığma seçmə mərhələdə keçirdiyi 4
oyunda rəqib qapılarına cəmi 2 dəfə yol tapır…

Əslində bu heç də birmənalı olaraq adı çəkilənlərin günahı deyil. Bir sadə
məntiqlə ki, müasir futbolda kollektiv şəkildə müdafiə və hücum anlayışları
mövcuddur. Bu isə birbaşa komandanın baş məşqçisindən asılı olan məsələdir.
Yəni qol vurmaq, uğur qazanmaq üçün istənilən kollektiv hücum edərkən irəlidə
çoxalmalı, müdafiə olunarkən isə dərhal kollektiv şəkildə geri çəkilməlidir.
Amma təəssüf ki, biz Azərbaycan millisinin oyununda bu vacib elementləri
müşahidə etmirik. Yığma 90 dəqiqə ərzində daha çox müdafiənin qayğısına qalır.
Özü də böyük qüvvə ilə. Hücumlar zamanı isə ön xətdə yer alanlar lazımi dəstəyi
görmür ki, bu da rəqib müdafiəçilərin onları çətinlik çəkmədən
zərərsizləşdirməsi ilə nəticələnir.

Belçikaya qarşı son oyunda milli komanda zaman-zaman heç də pis görünmədi,
rəqib qapısı önündə təhlükəli hücumların şahidi olduq. Komanda potensialının
olduğunu, futbol oynamağı bacardığını ortaya qoydu. Sadəcə, az öncə
vurğuladığımız məsələlər ucbatından müsbət nəticə qazanmaq mümkün olmadı. Canni
De Byazinin rəqibdən çəkinməsi, heyət seçimindəki bəzi səhvləri, müdafiə planlı
futbolçulara daha çox güvənməsi, bir sözlə, cəsarətsizliyi sonda millinin
məğlubiyyətini şərtləndirdi.

Fikrimizcə, artıq AFFA rəhbərliyi, daha doğrusu, qurumun İcraiyyə Komitəsi
lazımi addımı atmalıdır. 2020-ci ilin iyulundan millinin “sükanı arxasında”
olan italiyalı mütəxəssis bunadək Millətlər Liqasını və DÇ-2022-nin seçmə
mərhələsini boşa verib. Yuxarıda qeyd etdiyimiz kimi, AVRO-2024-ün seçmə
mərhələsini də bizim üçün bitmiş hesab edə bilərik. Çünki komanda qarşıya
qoyulan hədəfdən kifayət qədər uzaqdır. Belə olan halda isə Azərbaycan
futboluna ciddi xeyri olmayan bir əcnəbi mütəxəssisi postunda saxlamağın heç
bir mənası yoxdur.

Milliyə müasir futbolun incəliklərinə yaxından bələd olan, onun tələbləri ilə
ayaqlaşmağı bacaran, kreativ ideyalarla “yüklü” bir baş məşqçinin gətirilməsi
mütləqdir. Ola bilər ki, AFFA bu məsələdə yenə yerli yox, əcnəbi mütəxəssislərə
üstünlük versin. Problem deyil, əsas odur ki, dəyişikliyə getməyin vacibliyi
qəbul olunsun. Milli komandanın hazırkı heyətinin potensialı mütləq nəzərə
alınmalıdır. Bu komanda, bu futbolçular həqiqətən daha artığına qadir və
layiqdirlər. Yetər ki, komanda onların potensialından düzgün istifadə edəcək
bir mütəxəssisə həvalə olunsun.

Source link