Azərbaycan millisinin baş məşqçisi: “Monteneqro ilə matç zamanı qızlar şoka
düşmüşdülər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Fikrimcə, ilk oyunda böyük hesabla uduzmamalı idik. Monteneqro ilə matç
zamanı qızlar şoka düşmüşdülər”.
Bunu “Report”a açıqlamasında 19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan
millisinin baş məşqçisi Həbib Ağayev Avropa çempionatının ilkin seçmə
mərhələsində Monteneqroya məğlubiyyət barədə danışarkən deyib.
Mütəxəssis komandanın müvafiq olaraq Monteneqro və Bolqarıstan ilə görüşlərdə
uduzmasının səbəblərini açıqlayıb:
“Biz Latviyaya gəldikdən sonra güclü qar yağdı, iqlim dəyişikliyi
futbolçularımıza mənfi təsir göstərdi. Demək olar ki, hamısının əlləri və
ayaqları donmuşdu. Monteneqro ilə qarşılaşmada oyunumuzu göstərməyə mane olan
amillərdən biri də bu oldu. Bolqarıstanla ikinci matç isə pis alınmadı. 0:1
hesabı ilə məğlub olsaq da, komandamız sona qədər mübarizə apardı”.
Təmsilçimiz aprelin 9-da Latviya yığması ilə üz-üzə gələcək. H.Ağayev bu
görüşün də çətin olacağını vurğulayıb:
“Qrupumuzda güclü komandalar yer alıb. Latviya əvvəlki turda Monteneqro
millisinə böyük hesabla qalib gəlib. Yəqin ki, bizə də güclərini göstərməyə
çalışacaqlar. Nəzərə almaq lazımdır ki, Latviya ev sahibidir”.
Qeyd edək ki, U-19 millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində
Monteneqroya 0:4, Bolqarıstana isə 0:1 hesabı ilə uduzub.