2ef8a340-c9b4-432e-865d-5f68c1876f5b..jpg

Azərbaycan millisinin kapitanı: “Olimpiadada medal qazanmaq istəyirik”

Baxış sayı: 695 dəfə baxılıb.

Azərbaycan millisinin kapitanı: “Olimpiadada medal qazanmaq istəyirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Olimpiadada medal qazanmaq istəyirik”.

Bunu “Report”a açıqlamasında qadın şahmatçılardan ibarət Azərbaycan millisinin
kapitanı Günay Məmmədzadə Ümumdünya Şahmat Olimpiadasındakı hədəfləri barədə
danışarkən deyib.

23 yaşlı qrosmeyster sentyabrda Macarıstanda təşkil olunacaq yarışa yüksək
səviyyədə hazırlaşdıqlarını bildirib:

“Ümumdünya Şahmat Olimpiadasına nə dərəcədə hazır olduğumuzu yarış zamanı
biləcəyik. Hər zaman tam hazır olmaq üçün toplanışlarda üzərimizdə çalışırıq.
Ümid edirəm ki, hazırlığımız olimpiadada medal qazanmaq üçün kifayət edəcək.
Hamımız formada olsaq, ən yaxşı nəticəyə ümid etmək olar. Ötən il son oyunda
qələbə qazansaydıq, olimpiya çempionu ola bilərdik. Bəxtimiz gətirmədi”.

O, Gürcüstanda yerli komanda ilə keçirilən yoldaşlıq görüşlərini də
dəyərləndirib. Şahmatçı 5 turluq mübarizənin yekununda Ümumdünya Şahmat
Olimpiadasının dördqat qalibi ilə heç-heçə etmələrini (12,5:12,5) qənaətbəxş
nəticə adlandırıb: “Gürcüstan çox güclü komandadır. Fərdi olaraq həmişə uğurlu
nəticələr qazanan şahmatçılara sahibdir. Fərdi nəticələri komanda
nəticələrindən heç də zəif deyil. Etiraf edək ki, bizdən güclüdürlər. Buna
baxmayaraq, onlara qarşı yaxşı mübarizə apardıq. Komandamız gənc olsa da, hər
kəs ən yaxşı oyununu göstərməyə çalışır. Gürcüstanla görüşlər olimpiadaya
hazırlıq baxımından çox yaxşı sınaq oldu. Belə görüşlərin komandamıza xeyri
var”.

Qeyd edək ki, Gürcüstanla yoldaşlıq görüşü rəsmi xarakter daşıyıb. Nəticələr
FIDE reytinqinə hesablanacaq.

Source link