Azərbaycan millisinin kapitanı: “Tarixi uğura imza atmağımız Avropada səs-küyə
səbəb olub” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Millətlər Liqasında ən çətin qrupa biz düşmüşdük. Monteneqro çox güclü rəqib
idi. Heyətindəki oyunçular Fransa, Almaniya, Türkiyə, Rusiya və Macarıstanda
çıxış edirlər”.
Bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc
Cəfərzadə AZƏRTAC-ın suallarını cavablandırarkən deyib.
Həmin müsahibəni təqdim edirik.
– Azərbaycan yığması UEFA Millətlər Liqasının C Divizionunda çıxış etdiyi
qrupu ilk pillədə başa vuraraq, B Liqasına vəsiqə qazandı. İlk növbədə tarixi
uğurla bağlı təəssüratlarınızı bilmək istərdik…
– Çox şadıq ki, Azərbaycan futbolu adına tarixi ilkə imza atdıq. Bu uğurun
qazanılmasında kollektivin, texniki heyətin, federasiyanın, ailələrimizin əməyi
var. Çünki onlar hər zaman bizə güvəndilər. Hazırkı vəziyyətimizdən razıyıq.
Ancaq bunu davam etdirmək istəyirik. Çalışacağıq ki, Azərbaycan xalqını yeni
qələbələrlə sevindirək. Bunun üçün əlimizdən gələni edəcəyik.
– Milli komanda qrupda keçirdiyi 5 oyunda 4 qələbə qazanıb, bir heç-heçə edib.
Nəticələri necə dəyərləndirirsiniz?
– Millətlər Liqasında ən çətin qrupa biz düşmüşdük. Monteneqro çox güclü rəqib
idi. Heyətindəki oyunçular Fransa, Almaniya, Türkiyə, Rusiya və Macarıstanda
çıxış edirlər. Rusiya çempionatında mübarizə aparan bir sıra futbolçuları
şəxsən tanıyıram. Buna baxmayaraq, onları hər iki matçda məğlub edə bildik.
Kipr seçməsi qrupda 7 xal yığıb və ikinci pillədədir. Deməli, onların da gücü
var. Farer adalarına gəlincə, bütün oyunlarda məğlub olsalar da, güclü
yığmadır. Bəzən futbolda bir epizod hər şeyi həll edir. İnanıram ki, onlar bir
neçə ildən sonra yaxşı səviyyəyə çatacaqlar. Həqiqətən də hər biri inamlı təsir
bağışlayır. Amma öz komandamı fərqləndirmək istəyirəm. Bəzi oyunlarda
planlarımız alınmasa belə, istək və əzm hesabına qalib gəlməyi bacardıq.
Qızlarımız qələbə qazanmaq üçün özlərini zədəyə də qurban verirdilər. Təki
milli komanda qalib gəlsin. Kapitan olaraq bütün oyunçularımıza təşəkkürümü
bildirirəm. Onlarla fəxr edirəm.
– Artıq qrupdan çıxmağı təmin etmisiniz. Bu mənada, Farer adaları ilə sabah
keçiriləcək oyuna necə yanaşacaqsınız?
– B Liqasına vəsiqəni təmin etsək də, sabahkı oyuna rahat çıxmayacağıq.
Məqsədimiz Farer adalarına Bakıda da qalib gəlməkdir. Valideynlərimiz
stadiondan bizi izləyəcəklər. Qardaşım, bacım oyunlara gələ bilsələr də, atam
rayonda yaşadığı üçün arenaya hər zaman gələ bilmir. Azarkeşləri, ailə
üzvlərimizi sevindirmək istəyirik. Qrupda gözəl çıxışımızı qələbə ilə
yekunlaşdırmaq niyyətindəyik. Farer adaları bütün oyunlarını uduzmasına
baxmayaraq, onlara ciddi rəqib kimi baxıram. Hədəf yalnız qələbədir.
– Qadın futbolçulardan ibarət yığma tarixi uğur qazansa da, kişi futbolunda
hələlik bu cür nailiyyət yoxdur. Kişi futbolçulara nə tövsiyə edərdiniz?
– “Qızlar bunu bacardı, kişilər isə bacarmadı” fikri ilə məsələyə yanaşsaq,
yanlışlıq olar. Məqsədimiz Azərbaycan futbolunu zirvələrə daşımaqdır. Onlara nə
tövsiyə edərdim? Kişi futbolçular peşəkardırlar. Onlara nəsə deməyim düz
çıxmaz. Sadəcə, öz komandamız haqqında söz deyə bilərəm. İstəyim odur ki, həm
kişi, həm qadın yığmaları daim uğurlu nəticələr qazansınlar. Düşünürəm ki,
bizim oyunlara kişi futbolçular da baxır. Bu nəticə onlara da motivasiya olar.
– Sizcə, Millətlər Liqasındakı nailiyyət qadın futbolçuların daha böyük
klublara yolunu aça bilərmi?
– Düşünürəm ki, Azərbaycan futbolunda tarixi uğura imza atmağımız Avropada
səs-küyə səbəb olub. Bilirsiniz ki, Millətlər Liqasında ən yaxşı ikinci yeri
tutan üç komanda da növbəti mərhələyə vəsiqə qazanır. Lakin biz şansımızı son
tura saxlamadıq və qrupdan lider olaraq çıxdıq. Əlbəttə, bu nəticələr də xarici
menecerlərin qadın futbolçularımıza marağının artmasına səbəb olacaq. Bəzi
insanlar böyük uğur qazananda “mən etdim” deyirlər. Əslində bu yanaşma düzgün
deyil. Çünki bizə bunları bəxş edən Allahdır. Uğurumuza görə də Tanrıya şükür
edirəm. Arzum qızlarımızın bu nəticələrdən sonra böyük klublara keçməsidir. Biz
orada çıxış edən oyunçulardan heç də geri qalmırıq. Sadəcə, mentalitet,
klubların qadın futboluna maraq göstərməməsi Avropaya çıxışımıza mane olur.
– Necə düşünürsünüz, Azərbaycanda qadın futbolunun daha yaxşı inkişafı üçün
nələr etmək lazımdır?
– Bu gün birdən-birə nəsə etsək, uğur qazana bilmərik. Amma gələcək üçün
planlar qurmalıyıq. Hazırda qadın futbolunun yükü AFFA-nın çiyinlərindədir. Bu
işdə valideynlər, futbol klubları da dəstək olmalıdırlar. Qızları 8-9 yaşında
futbola cəlb etməliyik. Bölgələrdən 4-5 oyunçu tapıb milliyə cəlb etməklə iş
bitmir. Onların üzərində işləməliyik. Mən özüm Lənkəran futbolunun
yetirməsiyəm. Bu bölgədə yaşayan insanlar indi mənimlə fəxr edirlər. Əvvəl
mentalitet məsələsində çətinlik yaşayan qızlarımız olsa da, indi hər şey
dəyişib. Uğurlarımız insanların bizə qarşı düşüncəsində fərqlilik yaradıb. Hər
kənddən, qəsəbədən 1-2 perspektivli futbolçu çıxsa, bu, Azərbaycanda qadın
futbolunun inkişafına səbəb olacaq. Federasiya bu işdə əlindən gələni edir.
Ancaq yenə də deyirəm, valideynlərin, klub məşqçilərinin bu işdə quruma kömək
etməyi vacibdir.