Azərbaycan millisinin məşqçisi: “Belə oyunlarda erkən qol vurmaq lazımdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Belə matçlarda erkən qol vurmaq lazımdır ki, oyun rahat davam etsin”.
“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov
Monqolustan yığmasına 1:0 hesabı ilə qalib gəldikləri “FIFA series – Edition
2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündən sonra mətbuat
konfransında deyib.
53 yaşlı mütəxəssis komandanın çıxışını dəyərləndirib:
“Yeni ildə ilk qələbə idi, buna görə təbrik edirəm. Belə çətin olacağını
bilirdik. Analiz etdiyimiz zaman rəqibin daha çox müdafiədən oynadığını
görürdük. Məşqlərdə bunun üzərində işləyirdik. Əsas odur ki, sona qədər səbirli
oynadıq və qələbə qolunu vura bildik. Dünya futbolunda da belə hallar olur ki,
bəzən bu tipli rəqiblərə qarşı böyük yığmalar da çətinlik çəkirlər. Adətən biz
iki nömrədən oynamışıq. Bu gün isə hücum futbolu göstərdik”.
O, Bolqarıstanla qarşılaşmada fərqli taktiki sxemdə çıxış edəcəklərini
gizlətməyib: “İki fərqli rəqiblə iki fərqli sistemlə oynaya bilərdik. Bu üzdən
Bolqarıstanla matçda hansısa dəyişikliklər ola bilər. Bolqarların Serbiya və
Macarıstanla oyunlarını izləmişik. Tanzaniya ilə bugünkü
matçlarına da baxacağıq. İstənilən halda rəqibə ev yiyəsinin bizim olduğumuzu
hiss etdirməyə çalışacağıq”.
Məşqçi hesab edir ki, erkən qol vursaydılar, daha çox fərqlənə bilərdilər:
“Sona qədər qol vuracağımıza inanırdım. Qol vuracağımızı gözləyirdim. Amma
sona yaxın həyəcanlı idim”.