834d3468-7b55-4abe-a303-ec7e92b8a657..jpg

Azərbaycan millisinin məşqçisi: “Hər iki matçda da hesab oyuna görə olmadı” – MÜSAHİBƏ

Baxış sayı: 994 dəfə baxılıb.

Azərbaycan millisinin məşqçisi: “Hər iki matçda da hesab oyuna görə olmadı” –
MÜSAHİBƏ

AVRO-2024-ün seçmə mərhələsinə uğursuz start götürən Azərbaycan millisi Linzdə
Avstriya (1:4), Stokholmda isə İsveç yığmasına (0:5) böyük hesabla məğlub olub.

Yığmanın ifasında sərgilənən oyun və baş məşqçi Canni De Byazinin
səsləndirdiyi fikirlər futbol ictimaiyyətində heç də birmənalı qarşılanmayıb.

“Report”un suallarını cavablandıran millinin köməkçi məşqçisi Arif Əsədov
geridə qalan matçları dəyərləndirərək, məğlubiyyətlərin səbəblərini izah edib.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda
Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub. Bu görüşlərdəki çıxışı
necə dəyərləndirirsiniz?

– Hər iki oyunda nəticə ürəkaçan olmadı. Xüsusən də, buraxılan qol sayı
baxımından. Hamı kimi, bizim üçün də üzücüdür. Məncə, hər iki görüşdə hesab
oyuna görə olmadı. Nəzərə alaq ki, komandamız həm Avstriya, həm də İsveçə qarşı
60-65 dəqiqə heç də pis oyun sərgiləmədi. Ancaq sonradan buraxılan qollar qısa
müddətdə eniş yaşanmasına gətirib çıxardı. Bu üzdən matçların sonlarında
meydanda tamam başqa komanda kimi görünürdük. Halbuki, ilk dəqiqələrdə
rəqiblərdən geri qalmırdıq, bərabər səviyyədə mübarizə aparırdıq. Xüsusən də
İsveçlə qarşılaşmanın birinci hissəsində qol şansımız oldu. Rəqib isə bizim
səhvlərimizdən maksimum dərəcədə yararlandı. Həm Avstriya, həm də İsveçin
top-komanda səviyyəsində olduğunu hamımız bilirdik. Yəni səviyyə fərqi hiss
olunurdu. Futbolçuları İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası kimi
çempionatlarda çıxış edirlər. Məsələn, Millətlər Liqasındakı görüşlərdə
buraxılan səhvləri rəqiblər bağışlayırdılar. Amma burada daha usta komandalarla
qarşılaşdığımız üçün onlar səhvi bağışlamadılar.

– Hər iki oyunda kifayət qədər fərdi səhvlər oldu. Bu problem nədən
qaynaqlanırdı?

– Düz qeyd elədiniz. Taktiki baxımdan onlara uduzmadıq. Taktiki sxem o vaxt
pozulur ki, 2-3 top fərqi ilə geridəsən və əvəzetmələrlə hücumu gücləndirir,
rotasiyalara gedirsən. Belə olanda taktiki cəhətdən boşluqlar verməyin
normaldır. Amma fərdi səhvlər aradakı səviyyə fərqindən qaynaqlandı. Matçlardan
sonra futbolçulara təşəkkürümüzü bildirdik, çünki əllərindən gələni etdilər.
Futbolu səhvsiz keçirmək də mümkün deyil. Bilirsiniz, bizim çempionatdakı
tempdə oynayan oyunçular belə rəqiblərlə qarşılaşdıqları zaman tam fərqli sürət
görürlər. Nəticədə fiziki durum aşağı düşür, 65-70-ci dəqiqədən sonra güc
tükənir. Güc tükənəndə isə beyində siqnallar işləmir. Yekunda konsentrasiyanı
itirirsən, epizodlara gecikirsən, səhvlərə yol verirsən. Fərdi səhvlərin səbəbi
odur ki, fiziki durum bəlli nöqtəyə kimi çatdırır, ondan sonra eniş yaşanır.

– Futbolçuların fiziki cəhətdən çatdırmamalarının günahı kimdədir: Oyunçunu
istənilən səviyyəyə çatdırmayan klublarda, yoxsa hazır olmayan futbolçuya dəvət
göndərən baş məşqçidə?

– Günahkar axtarmaq doğru olmaz. Reallıq onu deyir ki, bizim çempionatda sürət
onların liqalarından fərqlidir. Yüksək tempə, oyun rejiminə rəqiblər daha
uyğundurlar. Üç gün ərzində iki oyun keçirdik. Avstriya və İsveç kimi
komandaların oyunçuları belə qrafikə öyrəşiblər.

Klublarımızda bu baxımdan iş gedir, amma bəlli səviyyəyə çatdırmaq mümkündür.
Fiziki hazırlıq çempionatımızın səviyyəsinə uyğun olur. Bunun artması üçün daim
yüksək səviyyəli oyunlarda iştirak etməli və sıx təqvimdə oynamalısan. Orqanizm
də buna alışmalıdır. Futbolçu da avtomobil kimidir. Sürəti gərək saatda 180
km-ə qaldırasan ki, maşın ona alışsın. Daim 100-110-la sürəndə avtomobil də
buna öyrəşəcək. Bir sözlə, çempionat, səviyyə fərqi sonda öz sözünü deyir.
Ustalığımız aşağı səviyyədədirsə, heç olmasa fiziki hazırlığımız elə olmalıdır
ki, belə komandalarla mübarizə apara bilək. İstək isə 100 yox, 150 faiz
olmalıdır. Əslində, futbolçularımız istəkli idilər. Bunu matçdan əvvəl hiss
edirdik. Oyundan sonra isə hamı məyus idi.

– Milliyə cəmi 4 legioner çağırılmışdı, onlardan da biri zədə səbəbindən
sonradan heyətdən çıxarıldı. Razısınız ki, ölkə xaricində az oyunçumuzun olması
da millinin inkişafına mənfi təsir edir?

– Futbolçularımız nə qədər kənarda oynasalar, oradakı sürətə, tempə
öyrəşərlər. Milli 4-5 gün bir arada olandan sonra artıq oyuna çıxmalı olur.
Yığmada fiziki durumu qaldırmaq mümkün deyil. Yalnız taktiki və psixoloji
hazırlıq keçə bilirsən.

– İsveçlə oyundan sonra hamı baş məşqçi və futbolçulardan üzrxahlıq
gözləyirdi. Ancaq Canni De Byazi, əksinə, əla futbol oynadıqlarını bildirdi.
İtaliyalı mütəxəssis bunu deyəndə nəyi nəzərdə tuturdu?

– Bunu özümüz də müzakirə elədik. Baş məşqçi oyunun hansısa məqamına kimi
komandanın əla oynadığını bildirdi. Düşünmürəm ki, bütün matçı nəzərdə tutub.
Hansısa dəqiqəyə kimi komanda verilən tapşırıqları yerinə yetirirdi. Qollar
buraxılandan sonra komandada eniş yaşandı. De Byazi də eniş anına qədər olan
müddəti yüksək qiymətləndirir. O ki qaldı üzrxahlığa, hamımız bu nəticələrə
görə çox məyusuq. Belə hesabla məğlub olduğumuz üçün xalqımızdan üzr istəyirik.
Matçlardan əvvəl favorit sayılmırdıq və heç kim deyə bilməzdi ki, Avstriya və
İsveçdən mütləq qalibiyyətlə qayıtmalıyıq. Hamı reallığı başa düşürdü. Bizi
üzən hesabın oyuna görə olmaması idi.

– Futbol ictimaiyyəti və azarkeşlər Canni De Byazi ilə yolları ayırmağın doğru
addım olacağını düşünür. Sizcə, italiyalı getsə, müsbətə doğru nə kimi
dəyişikliklər olar?

– Hər məğlubiyyətə görə baş məşqçi dəyişmək də doğru olmaz. Ona qalsa, İsveç
bizimlə görüşdən əvvəl öz meydanında Belçikaya 0:3 hesabı ilə uduzdu. Hansı ki,
onlar bərabər səviyyəli komandalardır. Məsələn, biz də Lixtenşteyn, Andorra
kimi komandalara uduzsaq, bu tələblə çıxış etmək olar. İsveç Belçikaya böyük
hesabla məğlub olsa da, onlarla görüşdə rəqibdə belə bir ab-hava hiss eləmədik.
Üstəlik, seçmə mərhələdə hələ cəmi 2 oyun geridə qalıb. Birdən-birə səfərdə
ağır rəqiblərlə qarşılaşdıq. Bu, təsirsiz ötüşmədi. Nəzərə alaq ki,
zədəlilərimiz də var idi. Qarşıda hələ çox oyun var. Səhvlərdən nəticə çıxarıb,
daha da irəliləmək barədə düşünürük. İsveçlə matçdan sonra baş məşqçi də
futbolçulara bunu bildirdi.

Source link