2dec24ca-ee19-4216-8dcc-7b854616eff2..jpg

Azərbaycan millisinin sabiq futbolçusu: “Zirə”yə qarşı bəzi matçlarda haqsızlıq olub”

Baxış sayı: 737 dəfə baxılıb.

Azərbaycan millisinin sabiq futbolçusu: “Zirə”yə qarşı bəzi matçlarda
haqsızlıq olub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zirə”yə qarşı bəzi matçlarda haqsızlıq olub”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun
Sultanov deyib.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun oyunlarındakı hakim səhvləri ilə bağlı
ittihamlarına münasibət bildirən 44 yaşlı mütəxəssis keçmiş komanda yoldaşına
haqq qazandırıb:

“Hər bir klub məşqçisinin öz fikri var. Kiminsə haqqına bir dəfə, iki dəfə
girərsən. Bu səhvlər müntəzəm təkrarlanırsa, deməli, nəsə var. Kənardan
baxdığıma əsasən deyə bilərəm ki, Rəşad Sadıqovun fikirləri ilə razıyam”.

C.Sultanov Azərbaycan Premyer Liqasında cari mövsüm hakim səhvlərinin çox
olduğunu etiraf edib:

“VAR sistemi səhvlərin qarşısının alınması üçün gətirildi. Ancaq bu da çıxış
yolu olmadı. Hakimliyimizin səviyyəsi çox aşağı düşüb. Məncə, potensialları
budur. Nə qədər dərs keçsən də, idarəetmə bacarıqları çox aşağıdır. Klubların
il ərzində çəkdikləri əziyyəti hakimlər səhvlərlə hədər edirlər. Oyunlar zamanı
hakimlərin üzlərindən neqativ enerji yayılır. Bizim vaxtımızda hakimlərlə
futbolçular arasında münasibət indiki kimi deyildi. Maraqlıdır ki, səhvlərini
qəbul da etmirlər”.

O, bildirib ki, hətta FIFA referisi Əliyar Ağayev də səhvlərlə yadda qalır:

“Ən yaxşı hakimimiz Əliyar Ağayevdir. Ancaq tək onunla iş bitmir. Hətta Əliyar
da VAR sisteminə baxıb səhv qərar verə bilir”.

Sabiq yarımmüdafiəçi hakimlərin qış təlim-məşq toplanışının Türkiyədə
keçmələrinin də problemin həlli üçün yetərli olmadığını vurğulayıb:

“Deyirdilər ki, təlim-məşq toplanışına getsələr, hər şey düzələcək. Ancaq heç
nə dəyişmədi. Hakimlər yoxlama görüşü idarə etməyəcəkdilərsə, Türkiyəyə
getməyin nə mənası var idi? Təəssüf ki, Azərbaycan futbolunda pozitiv heç nə
yoxdur. Bütün klublarımıza səbir diləyirəm”.

“Neftçi”nin sabiq idman direktoru hesab edir ki, AFFA Hakimlər Komitəsinin
sədri Barış Şimşək işinin öhdəsindən gələ bilmir:

“Məncə, dəyişiklik lazımdır. Hakimlikdəki problemin həlli üçün Barış Şimşəyə
ehtiyac yoxdur. O, indiyə qədər kimi yetişdirib? Barış Şimşəyin vaxtilə necə
hakim olması ilə maraqlansalar, hər şeyi görəcəklər. Hətta bu vəzifəyə xaricdən
kimisə gətirmək də mənasızdır”.

Source link