fa22575a-4367-42e6-a6a7-d87167de9f40..jpg

Azərbaycan millisinin sabiq futzalçısı: “Yığma bu mərhələni mütləq keçməlidir”

Baxış sayı: 642 dəfə baxılıb.

Azərbaycan millisinin sabiq futzalçısı: “Yığma bu mərhələni mütləq keçməlidir”

“Yığma bu mərhələni mütləq keçməlidir. Digər nəticə ilə barışmaq olmaz”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futzalçısı Namiq
Məmmədkərimov komandanın DÇ-2024-ün elit mərhələsindəki şansları barədə
danışarkən deyib.

“Neftçi” İK-da çıxış edən 43 yaşlı oyunçu yığmanın çətin qrupda yer almadığını
bildirib:

“Niderlandla dəfələrlə görüşmüşük. Onları Bakıda və səfərdə məğlub etmişik.
Komandamız bu raundu rahat keçməlidir. Millinin təlim-məşq toplanışını
izləmişəm. Hazırlıq demək olar ki, yaxşı keçib. Oyunçular üçün bütün şərait
yaradılıb. Mərhələ adlayacağımıza da inanıram”.

Təcrübəli futzalçı ildən-ilə bəzi ölkələrdə bu idman növünün inkişaf etdiyini
diqqətə çatdırıb:

“Yaxşı qrupda yer aldığımızı deyə bilərik. Çünki daha çətin kollektivlər düşə
bilərdi. Bəzən elə rəqiblər olub ki, üstün olsaq da, onlara qalib gələ
bilməmişik”.

O, bu gün millinin səfərdə Rumıniyaya qalib gələcəyinə inandığını söyləyib:

“Vitali Borisov baş məşqçi kimi də uğurlu olacaq. Ona uğurlar arzulayıram.
Onun mütəxəssis kimi debüt qarşılaşmasında gözəl nəticə əldə edəcəklərinə ümid
edirəm”.

Məmmədkərimov hazırkı komandanı 2010-cu ildə dünya çempionatının yarımfinalına
qədər irəliləyən yığma ilə müqayisə edib:

“Əvvəlki uğuru təkrarlamaq üçün komanda çox güc sərf etməlidir. Həm də bəzi
oyunçularda fərdi keyfiyyətlər çox da yüksək deyil. Düzünü desək, həmin dönəmlə
müqayisə edəndə ustalıq səviyyəsi bir az aşağıdır. Çətin olsa da, daha da irəli
getməyimizi istəyərdim. Bu, başımızın ucalığıdır”.

Qeyd edək ki, Rumıniya – Azərbaycan görüşü bu gün, Bakı vaxtı ilə saat
19:30-da başlayacaq.

Source link