a3f5fd5c-7ffe-497f-9b82-a45535dec3b4..jpg

Azərbaycan Mirzoyana cavab verdi: “Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb”

Baxış sayı: 1. 044 dəfə baxılıb.

Azərbaycan Mirzoyana cavab verdi: “Ermənistan tərəfi sülh sazişi üzrə
danışıqlara hələ də qayıtmayıb”

“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər
agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin
layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət
arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir. Ararat Mirzoyanın
açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə
dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının
bariz nümunəsidir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan
edib.

Ayxan Hacızadə xatırladıb ki, sülh sazişi üzrə danışıqların tərəflər arasında
razılaşdırılmış formatına, bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair
razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti
raundunu boykot edib və danışıqları pozub.

“Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb. Digər
tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi
elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy
formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə, sülh
sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır”, – deyə o əlavə
edib.

Ayxan Hacızadə Mirzoyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni
sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı
təklifinə də cavab verib.

O bildirib: “Bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur. Bu barədə
müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə
daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq,
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini
nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.

Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni
əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və
qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək.

Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında
qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan
tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda
keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın
fəaliyyətinə mane olmamalıdır”.

Ayxan Hacızadə deyib ki, Azərbaycan bir daha, Ermənistan tərəfini sülh sazişi
üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa
çağırırır.

“Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır”, –
deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “Al
Qahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla danışıqlardan bəhs
edib.

Mirzoyan Azərbaycanın Ermənistana qarşı ərazi iddiası ilə çıxış etdiyini
bildirib.

Mirzoyanın sözlərinə görə, Ermənistan təklif edir ki, silahlı birliklərin
sərhədyanı ərazilərdən geri çəkilməsi, etimad və təhlükəsizlik mexanizmi kimi
silahsızlaşdırılmış zonanın yaradılması lazımdır.

O, Qarabağda erməni əhalinin təhlükəsizliyi üçün beynəlxalq mexanizm
yaradılmasını da təklif etdiklərini deyib.

Source link