Azərbaycan müdafiə naziri İran HDQ komandanını qəbul edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri
(HDQ) komandanı kontr-admiral Şəhram İranini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları
salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. İran İslam
Respublikası Ordusunun HDQ Günü münasibətilə qonağı təbrik edib. Müdafiə naziri
Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini qeyd edib, hərbi
sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından qarşılıqlı
səfərlərin əhəmiyyətini vurğulayıb.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən kontr-admiral Ş.İrani
ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan
Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib.
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
general-leytenant Məhəmməd Hüseyn Baqerinin salamlarını çatdırıb. HDQ komandanı
belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığa müsbət töhfələr verəcəyindən
əminliyini ifadə edib.
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri,
regional təhlükəsizlik və digər mövzulara dair ətraflı fikir mübadiləsi
aparılıb.