3b7fc8e5-35d6-4ea1-b5d1-4f7b24cf7c1a..jpg

Azərbaycan nəhəng layihələr həyata keçirir: Burada milyardlardan söhbət gedir – ŞƏRH

Baxış sayı: 688 dəfə baxılıb.

Azərbaycan nəhəng layihələr həyata keçirir: Burada milyardlardan söhbət gedir
– ŞƏRH

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt
gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyev tədbirdə iştirak edib. Ölkə başçısı qeyd edib ki,
Mingəçevir şəhərində əsası qoyulan yeni 1280 meqavat gücündə elektrik
stansiyasının açılışı 2025-ci ildə baş tutacaq:

“Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə
gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika
mərkəzi kimi önəmini daha da artıracaq”,-deyə Prezident qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid
Əhmədov Cixisyolu.com-a deyib ki, Azərbaycan enerji sahəsində çox ciddi addımlar atıb.

Deputatın sözlərinə görə, neft, qaz, yaşıl enerji ilə əlaqədar olduqca
əhəmiyyətli layihələr hazırlanıb, bəzilərinin artıq icrasına başlanıb:

Ötən ay Prezident İlham Əliyev Macarıstana səfər etdi. Daha sonra isə Rumıniya
prezidentinin Bakıya səfəri baş tutdu.

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində
nazirlərin 1-ci iclasları keçirildi.

Millət vəkili Vahid Əhmədov qeyd edib ki, bu səfərlər və keçirilən tədbirlər
çərçivəsində bir çox ölkələrlə tərəfdaşlıq müqaviləsi, enerji ixracının
genişləndirilməsinə xidmət edən razılaşmalar imzalanıb.

“Hətta Azərbaycanın təkcə ixrac potensialı deyil, həm də nəqliyyat dəhlizi
kimi əhəmiyyəti də gündəmə gəldi. Türkmənistan qazının Azərbaycan vasitəsilə
Avropaya ixracı müzakirə mövzusuna çevrildi. Ötən gün Prezident İlham Əliyevin
təməlqoyma mərasimində iştirak etdiyi ən böyük İstilik Elektrik Stansiyasının
yaradılmasından da aydın olur ki, Azərbaycan Cənubi Qafqazda enerji ixracına
görə imkanlarını və potensialını genişləndirmək niyyətindədir.

Enerji ixracından gələcək gəlirlərin hesablanması olduqca çətindir. Burada
milyardlardan söhbət gedir. Faktiki olaraq, Azərbaycan Avropa üçün əsas neft və
qaz ixracı dövlətinə çevrilib. Ölkəmizə diqqət kifayət qədər böyükdür. Enerji
sahəsində imzalanan razılaşmalar böyük iqtisadi nailiyyətlərə səbəb
olacaq”,-deyə Vahid Əhmədov söyləyib.

Parlamentari yaşıl enerji ilə əlaqədar nəzərdə tutulan gələcək planlara da
toxunub. O qeyd edib ki, Azərbaycanın bu sahədə kifayət qədər potensialı var:

“Bu sahədə kifayət qədər əhatəli işlər həyata keçirilir. Gələcəkdə yaşıl
enerji ilə əlaqədar önəmli inkişafın təmin ediləcəyi, hətta Azərbaycanın artıq
yaşıl enerji potensialından istifadə edərək dünyaya enerji ixracını daha da
artıracağı proqnozlaşdırılır.

Ötən illərin statistikasına nəzər saldıqda görürük ki, Azərbaycanın neft və
ümumən enerji ixracından əldə etdiyi gəlirlər qeyri-neft sektorunun inkişafına
yönəldib. İldən ilə qeyri-neft sektorunun inkişafı sürətlənir. Təbii ki, bu
artım biz istədiyimiz səviyyədə deyil. Amma qeyri-neft sektorunda inkişafın
ləng getdiyini də söyləmək real olmaz.

Enerji sahəsindən gələn gəlirlər əsasən, işğaldan azad olunmuş ərazilərin
bərpası, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldilməlidir.
Bununla bərabər dünyada gedən proseslərin fonunda dövlətin təhlükəsizliyinə
diqqətin artırılması da nəzərdə tutulur”,-deyə Vahid Əhmədov fikirlərini
yekunlaşdırıb.

Aysel Aslan

Source link