a83b6071-1c71-4294-8e7a-00b435ea9c79..jpg

Azərbaycan nümayəndə heyəti Çexiyaya səfər edib – FOTO

Baxış sayı: 936 dəfə baxılıb.

Azərbaycan nümayəndə heyəti Çexiyaya səfər edib – FOTO

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə
heyəti Çexiyada sənaye və ticarət nazirinin müavini, həmçinin, müvafiq
qurumların və çex şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında
Qarışıq Komissiyanın 5-ci iclasında, ticarət, investisiya və işgüzar əlaqələrə
dair konfransda müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri müzakirə
olunub.

İqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex
Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə
Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə
heyəti Çexiyaya səfər edib.

Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ilə görüşündə
ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayan Sahib Məmmədov qeyd
edib ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və işgüzar tədbirlər bu
baxımdan mühüm rola malikdir. Bildirilib ki, Çexiya ilə iqtisadi-ticarət
əməkdaşlığı genişlənir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 3
dəfədən çox artıb. Bununla yanaşı, qarşılıqlı ticarət, investisiya, sənaye,
neft-qaz, nəqliyyat-tranzit, turizm və s. sahələrdə tərəfdaşlığın
gücləndirilməsi üçün geniş imkanlar var.

Tədbirdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti,
işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi
məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat
verilib.

Çexiyanın sənaye və ticarət nazirinin müavini Petr Tresnak ölkəsinin
Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini bildirib,
iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə
fikirlərini bölüşüb.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası
Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq
Komissiyanın 5-ci iclası keçirilib. İclasda qarşılıqlı iqtisadi əlaqələrin
müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin önəmi, bu baxımdan Qarışıq
Komissiyanın əlverişli platforma olduğu diqqətə çatdırılıb, çex şirkətləri azad
olunmuş ərazilərimizdə, həmçinin Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye
parklarında layihələrin həyata keçirilməsində iştiraka, habelə Bakı Beynəlxalq
Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasında əməkdaşlığa dəvət olunub.

İclasda ticarət, investisiya, sənaye, maliyyə, nəqliyyat, enerji, kənd
təsərrüfatı, qida təhlükəsizliyi, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri,
innovasiya, texnologiya, turizm və hava nəqliyyatı, torpaq planlaşdırılması,
standartlaşdırma və s. sahələr üzrə geniş əməkdaşlıq qurulması barədə
müzakirələr aparılıb.

Çexiya və Azərbaycan Respublikası arasında ticarət, investisiya və işgüzar
əlaqələrə dair konfrans keçirilib. Konfransda ticarət, investisiya, KOB
sahələrində əməkdaşlıq, “yaşıl iqtisadiyyat”, innovasiya, enerji və ətraf mühit
layihələri, su idarəçiliyi və s. məsələlər müzakirə olunub, bu istiqamətlər
üzrə tərəfdaşlıq imkanlarına dair təqdimatlar olub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Çexiyada “Şkoda Avto”, “Şkoda
Transportation”, “Tatra”, “AZD Praha” və “Mavel” şirkətlərinin təmsilçiləri ilə
görüşüb, görüşlərdə ölkəmizdəki işgüzar mühit, sənaye zonalarında tətbiq edilən
güzəşt və imtiyazlar, ölkəmizdə avtomobil və onun ehtiyat hissələrinin
istehsalının lokallaşdırılması, Azərbaycan şirkətləri ilə əməkdaşlıq məsələləri
və s. barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi,
AZPROMO, KOBİA, 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi,
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin
nümayəndələri də Çexiyanın müvafiq qurumları ilə ikitərəfli tərəfdaşlığa dair
məhsuldar görüşlər keçiriblər.

Source link