Azərbaycan OPEC-ə üzv olacaqmı? – AÇIQLAMA

Azərbaycan OPEC-ə üzv olacaqmı? – AÇIQLAMA

Baxış sayı: 4. 716 dəfə baxılıb.

Çad, Konqo, Malayziya üzvlüklə bağlı Neft İxrac edən ölkələr təşkilatına (OPEC) müraciət edib. 

ÇıxışYolu.Com xəbər verir ki, hər üç ölkənin hasilatı elə də yüksək deyil.

Gələcəkdə istehsalın həcminin gündəlik 3-4 min barelə çatacağı proqnozlaşdırılır. 

Diqqəti çəkən Azərbaycanın neft ölkəsi, eləcə də, hasilatının sözügedən dövlətlərlə müqayisədə qat-qat yüksək olmasına (təkcə cari ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 814,6 min barel, ixracı 624,2 min barel) rəğmən, indiyədək OPEC-ə üzv olmamasıdır.

Ümumiyyətlə, bu yöndə təşəbbüslər də gündəmə gəlməyib. Baxmayaraq ki, Azərbaycan OPEC-in üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına (2016) qoşulub. 

Azərbaycan OPEC-ə üzv olacaqmı? – AÇIQLAMA

Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva ÇıxışYolu.Com-a açıqlamasında bildirdi ki, Azərbaycan OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşmasında iştirak edir: 

“Üzvlüklə bağlı hər hansı zərurət, ehtiyac yaranmayıb. Azərbaycan tərəfi bu yöndə indiyədək müraciət də etməyib”.

Səbəb gəlincə, Z.Əliyeva buna zərurət olmadığını, eləcə də, üzvlüyün uzun prosedur olduğunu dedi.

Azərbaycan OPEC-ə üzv olacaqmı? – AÇIQLAMA

Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban bildirdi ki, hazırda dünyada təqribən 70 ölkədə neft hasil olunur, 45-də neft ixrac edilir:

“İllər boyu OPEC-ə üzv olan ölkələrin sayı 11-13 arasında dəyişib. 57 ildir yaranmasına baxmayaraq, heç bir ölkə OPEC-ə üzv olmağa cəhd göstərməyib. Təşkilata elə ölkələr üzv olub ki, Azərbaycandan qat-qat az neft istehsal ediblər.

İstər Latın Amerikası, istər Afrika, istərsə də Uzaq Şərq ölkələri olsun, bu təşkilata üzv oldunsa, hasilatla bağlı onun nizamnaməsinə, öhdəliklərinə riayət etməlisən.

Ümumiyyətlə, OPEC ölkələrində uzun onilliklər boyu, əsasən də, 1990-cı ildən sonra nizam-intizam heç də yaxşı olmayıb. Neft qiymətlərinin aşağı düşməsilə bağlı təkcə ötən ildən hasilatın tənzimlənməsi yönümündə mütəmadi görüşlər və razılaşmalar əldə olunub. Amma bu dövrə qədər kim necə və nə qədər istəyib, neft hasilatını artırıb, azaldıb.

İstənilən halda, istər ciddi, istər qeyri-ciddi, əgər təşkilata üzvsənsə, onun kvotasına daxil olursan. Rusiya, ABŞ kimi ölkələr təşkilata üzv deyillər. Çünki öz inkişaflarını, manevr imkanlarını kimlərinsə çərçivəsində məhdudlaşdırmaq niyyətində deyillər”.

İ.Şaban deyir ki, təşkilata üzv olan ölkələr dünya bazarında neft qiymətlərinə təsir imkanlarından yararlanmaq məqsədi güdür:

“Əslində, təşkilatın yaradılmasında məqsəd məhz təsir mexanizmlərindən yararlanmağa xidmət edir. 1961-ci ildən 1973-cü ilədək OPEC-in bir təşkilat kimi varlığını hiss edən olmayıb. Ancaq 1973-cü ildə Misirlə İsrail arasındakı konfliktdən sonra ərəb dünyası İsrailə və Qərbə qarşı embarqo tətbiq etdilər. Nəticədə OPEC bazara təsir etmək imkanlarını göstərdi. Amma bu, reallıqda OPEC-in qalibiyyəti yox, ABŞ və Sudiyyə Ərəbistanı arasında olan gizli razılaşmaların nəticəsi idi.

Bütün bunları nəzərə alsaq, Azərbaycan OPEC-ə üzv olmağa özü maraqlı deyil. Çünki özünün neft siyasətini məhdudlaşdırmaq istəmir”.

Qeyd edək ki, OPEC 1960-cı ildə qlobal xam neft qiymətlərinin və neft əldə edilməsi həcmi üzrə fəalliyyətlərin koordinasiyasının tənzimlənməsi məqsədilə yaradılıb. Hazırda neft ticarəti üzrə dünya bazarının, demək olar ki, yarısı OPEC-in nəzarəti altındadır və bu səbəbdən adıçəkilən təşkilat qiymət səviyyələrinə əhəmiyyətli dərəcədə təsir edir.

OPEC təşkilatının yüksək orqanları Direktorlar Şurası və İştirakçı Ölkələrin Nazirlər Konferensiyasıdır. Konferensiya təşkilatın siyasətini yaradır, onun həyata keçirilməsi yollarını araşdırır və cari fəaliyyət üzrə vacib qərarlar qəbul edir. Konferensiya Direktorlar Şurasını yaradır, prezidenti və baş katibi seçir.

OPEC-in tərkibinə 12 ölkə daxildir. Bunlar İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, BƏƏ, Əlcəzair, Nigeriya, Ekvador və Anqoladır. Təşkilatın baş qərargahı Vyana şəhərində yerləşir.

.
www.ÇıxışYolu.Com